Xəbəri Kokpitdə Oxuyun!

MotoGP Braziliya – Sprintin qalibi Markesdir

MotoGP üzrə Braziliya Qran Prisinin sprint yarışının qalibi Mark Markes olub. Fabio Di Canantonio ikinci, Xorxe Martin isə üçüncü olub.

Yarış trayektoriyasında yaranan çökmə səbəbilə təxirə salınan Braziliya sprint yarışı 1 saat 20 dəqiqə gecikmə ilə start götürüb. 15 dövrəlik yarışa poul mövqeyindən başlayan Fabio Di Canantonio startda yerini qorumağı bacarıb.

12-ci mövqedən start alan debütant Toprak Razqatlıoğlu 3-cü dövrədə 19-cu sıraya geriləyib. Xoan Mir 6-cı döngənin girişində nəzarəti itirərək trasdan çıxıb. Xorxe Martin isə 7-ci dövrədə Marko Bezzekkini keçərək üçüncü yerə yüksəlib.

Yarışın gedişində Yohan Zarko ilk döngədə ağır qəza edərək çınqıl sahəsinə çıxıb və mübarizəni dayandırıb. Fabio Kuartararo ilə Ai Oqura arasında gərgin mübarizə yaşanıb və sürücülər 5 dövrə ərzində təkər-təkərə mübarizə apardıqdan sonra Ai Oqura 4-cü mövqeyə yüksəlib.

Yarışın son hissəsində Toprak Razqatlıoğlu komanda yoldaşı Cek Milleri keçərək 16-cı yerə qalxıb. Maverik Vinyales də Zarko ilə eyni döngədə qəzaya uğrayaraq yarışı dayandıran digər sürücü olub. Son 4 dövrədə Fabio Di Canantonio ilə Mark Markes arasında gərgin mübarizə yaşanıb.

Mark Markes döngələrdə rəqibinə yaxınlaşsa da, düzlükdə geri qalırdı. Lakin Fabio Di Canantonionun əyləcdə etdiyi kiçik səhvdən istifadə edən Markes 12-ci dövrədə liderliyi ələ alıb.

İkili arasında mübarizə son dövrədə də davam edib, lakin Mark Markes uğurlu müdafiəsi ilə mövqeyini qoruyaraq Braziliyada sprint yarışının qalibi olub. Beləliklə, Fabio Di Canantonio ikinci yeri tutub. Üçüncü yeri tutan Xorxe Martin isə 2024-cü ilin Malayziya yarışından sonra podiuma yüksəlib.

Rauf Hacıyev

Şərh əlavə et