Xəbəri Kokpitdə Oxuyun!

MotoGP Braziliya – Canantonio poul qazanıb

MotoGP üzrə Braziliya Qran Prisinin sıralama turunda poul mövqeyinin sahibi Fabio Di Cianantonio olub.

Braziliyada 15 dəqiqəlik Q1 sessiyası başlayıb və pit yolunun sonundakı sürücülər trasa çıxıblar.

İlk dəqiqələrdə Luka Marini qəzaya uğrayaraq, sessiya ilə vidalaşıb. Marko Bezzekki 1:17.760 nəticə ilə liderliyə yüksəlib. Vaxt keçdikcə sürücülər nəticələrini yaxşılaşdırıblar. Cek Miller ilk döngədə yıxılaraq boksa qayıdıb. Bezzekki dövrəsini 0.3 saniyə yaxşılaşdıraraq 1:17.408 nəticə göstərib və liderliyini qoruyub. İtalyan sürücü Q2-yə yüksələn ilk pilot olub. Bezzekkini 0.123 saniyə geridə Fabio Di Cianantonio izləyib.

Q2 sessiyası üçün yaşıl bayraqlar dalğalanan kimi sürücülər vaxt itirmədən sürətli dövrələrə başlayıblar.

Françesko Banyaya yıxılaraq üçüncü sektorda sarı bayraqlara səbəb olub. İlk dövrələrin tamamlanmasından sonra Mark Markes 1:17.491 nəticə ilə liderliyə yüksəlib. Bu anda Toprak Razqatlıoğlu dördüncü yerdə olub. Banyayadan dərhal sonra Pedro Akosta da qəzaya uğrayıb.

Sessiyanın bitməsinə 10 dəqiqə qalmış bu dəfə Fabio Di Cianantonio 1:17.410 nəticə ilə liderliyə yüksəlib. Mark Markes də 4-cü döngədə qəzaya uğrayıb. Bir neçə dəqiqə sonra Xorxe Martin və Fabio Di Cianantonio da yıxılıblar.

Qəzalar səbəbilə çıxan sarı bayraqlar əksər sürücülərin sürətli dövrəsinə mane olub və Q2-nin sonunda poul mövqeyini Fabio Di Cianantonio qazanıb. Marko Bezzekki 0.070 saniyə geridə ikinci olub, üçüncü yerə isə Mark Markes yüksəlib.

Fabio Kuartararo dördüncü, Xorxe Martin beşinci olub. Onları Ai Oqura izləyib. Qardaş ölkə Türkiyəni təmsil edən Toprak Razqatlıoğlu isə Q2 sessiyasını 12-ci yerdə tamamlayıb.

Rauf Hacıyev

Şərh əlavə et