Xəbəri Kokpitdə Oxuyun!

Braziliyada Akostadan sürətli başlanğıc

MotoGP üzrə Braziliya Qran Prisinin 1-ci sərbəst yürüş sessiyasının qalibi Pedro Akosta olub. 

2004-cü ildən bəri MotoGP yarışı keçirilməyən Braziliya trasında 22 ildən sonra sürücülər pit yolunda sıraya düzülüblər. Bu zaman trasın temperaturu təxminən 36°C, hava temperaturu isə 24°C olaraq ölçülüb.

Braziliya trasında baş verən selin yaratdığı çətin şərait sessiyanın ilk dəqiqələrində özünü göstərib. Bəzi sürücülər ilk döngədə nəzarəti itirsə də, ciddi insident qeydə alınmayıb. Sessiyanın əvvəlində hamı yeni trasa uyğunlaşmağa və ideal trayektoriyanı tapmağa çalışıb.

Yağış təkərlərini qızdırmaq üçün atılan ehtiyatlı dövrələrdən sonra Zarko 1:29.981 nəticə ilə liderliyə yüksəlib. Ardınca sürətli dövrəsini tamamlayan Mark Markes 1:28.708 nəticə göstərib.

Akosta sürətlənməyə çalışarkən 6-cı döngədə motosikletinə nəzarəti itirərək trasdan çıxıb, lakin problemsiz şəkildə sessiyaya davam edib. Növbəti dövrədə yaxşı temp tutaraq Markesdən cəmi 0.004 saniyə geri qalıb və ikinci pilləyə yüksəlib.

Təkərlərini dəyişmək üçün pitə daxil olan Markes 1:27.775 nəticə göstərib və əvvəlki göstəricisini yaxşılaşdıraraq, liderliyini qoruyub. Onun ardınca isə 0.294 saniyə fərqlə Aleks Rins qərarlaşıb.

Sessiyanın təxminən 40-cı dəqiqəsində Toprak Razqatlıoğlu 1:28.807 nəticə ilə 12-ci yerdən 6-cı yerə qədər yüksəlib. Daha sonra Akosta 1:28.167 nəticə ilə üçüncü pilləyə qalxıb.

Sessiyanın son 15 dəqiqəsinə daxil olarkən Akosta döngədə xətt üzərindən keçərkən kiçik səhv edərək vaxt itirsə də, dövrəsini tamamlayıb və mövqeyini qoruya bilib. Ardınca Toprak yenidən yüksək temp göstərərək nəticəsini yaxşılaşdırıb və Akostanın arxasında 4-cü yerə yüksəlib. Gərgin mübarizədə dönüş nöqtəsi Zarkonun daha yaxşı nəticə göstərərək Toprakı geridə qoyması olub. Xüsusilə 3-cü və 7-ci yerlər arasında mübarizə davam edib.

Sessiyanın sonlarına doğru Bezzekki eyni döngədə yenə səhvlər edərək vaxt itirib. Bu vaxt Markes 1:27.576 nəticə göstərsə də, Xorxe Martin ondan 0.199 saniyə sürətli olaraq liderliyə yüksəlib. Daha sonra pitə daxil olub tənzimləmələr edən Markes yenidən trasa qayıdaraq 1:26.975 nəticə ilə liderliyi geri alıb. Martin isə iki döngədə vaxt itirərək 4-cü yerə geriləyib.

Gərgin keçən son hissədən sonra sessiya başa çatıb. Pedro Akosta son dövrəsində 1:26.688 nəticə ilə birinci olub, Cek Miller ikinci, Marko Bezzekki isə üçüncü yeri tutub.

Sessiya nəticələri

Sıra Sürücü # Motosiklet Dövrə Zaman Fərq
1 P. Acosta 37 KTM 17 1:26.688
2 J. Miller 43 Yamaha 24 1:26.775 +0.087
3 M. Bezzecchi 72 Aprilia 22 1:26.918 +0.230
4 M. Márquez 93 Ducati 18 1:26.975 +0.287
5 F. Morbidelli 21 Ducati 20 1:27.170 +0.482
6 M. Viñales 12 KTM 17 1:27.506 +0.818
7 J. Martin 89 Aprilia 23 1:27.546 +0.858
8 F. Aldeguer 54 Ducati 15 1:27.576 +0.888
9 F. Bagnaia 63 Ducati 21 1:27.579 +0.891
10 A. Márquez 73 Ducati 21 1:27.665 +0.977
11 E. Bastianini 23 KTM 19 1:27.704 +1.016
12 F. Di Giannantonio 49 Ducati 20 1:27.734 +1.046
13 B. Binder 33 KTM 24 1:27.795 +1.107
14 A. Rins 42 Yamaha 21 1:27.948 +1.260
15 J. Zarco 5 Honda 24 1:28.057 +1.369
16 T. Razgatlıoğlu 7 Yamaha 20 1:28.268 +1.580
17 A. Ogura 79 Aprilia 16 1:28.600 +1.912
18 D. Moreira 11 Honda 15 1:28.678 +1.990
19 J. Mir 36 Honda 21 1:28.865 +2.177
20 L. Marini 10 Honda 21 1:28.926 +2.238
21 R. Fernandez 25 Aprilia 24 1:28.952 +2.264
22 F. Quartararo 20 Yamaha 22 1:29.498 +2.810

Rauf Hacıyev

Şərh əlavə et