Xəbəri Kokpitdə Oxuyun!

Elbon xəbərdarlıq alıb

Williams komandasının sürücüsü Aleks Elbon cümə sərbəst yürüşündən sonra start prosedurunun məşqi zamanı qayda pozuntusuna görə rəsmi xəbərdarlıq alıb.

Elbon startı yerinə yetirən zaman onun qarşısında – start cərgəsinin eyni tərəfində – başqa bir bolid dayanıb. Bu isə Formula 1 reqlamentinin B4.2.2c maddəsinin pozulması hesab olunur.

Stüardlar sürücünün izahatını dinləyib, həm videoyazıları, həm də telemetriya məlumatlarını araşdırıblar. Aleks Elbon etiraf edib ki, qarşısında olan bolidin hərəkətini düzgün qiymətləndirməyib.

Onun sözlərinə görə, #12 nömrəli bolid (Kimi Antonelli) start cərgəsində xeyli müddət dayanıb və Elbon onun əvvəlcə hərəkətə başlayacağını düşünüb. Lakin bu baş verməyib.

Sürücü əlavə edib ki, 2026-cı ildə start proseduru dəyişib və indi bu proses təxminən 20 saniyə çəkir. Halbuki 2025-ci ildə bu cəmi 2 saniyə davam edirmiş. Əvvəllər arxadakı bolid öndəki maşın start etdikdən sonra öz hazırlığına başlayırmış, lakin yeni prosedurda bu, ciddi gecikmələrə səbəb ola bilər.

Elbon həmçinin bildirib ki, qarşıdakı maşının yerindən tərpənmədiyini anlayan kimi kəskin əyləc edib və sürəti azaldıb. Bu fakt telemetriya məlumatları ilə də təsdiqlənib.

Nəticədə stüardlar sürücüyə qarşı yalnız rəsmi yarış xəbərdarlığı verməklə kifayətləniblər.

Rauf Hacıyev

Şərh əlavə et