Xəbəri Kokpitdə Oxuyun!

F3 Avstraliya – Uqoçukvu qalibdir

Uqo Uqoçukvu Formula 3-də ilk qələbəsini qazanaraq Melburnda keçirilən bazar günü yarışının qalibi olub. Campos Racing komandasının sürücüsü ilə birlikdə podiuma Freddi Sleyter və Taito Kato qalxıblar.

Startdan əvvəl Prema komandası şənbə sprint yarışında qəzaya düşən Lui Şarp və Ceyms Uortonun yarışda iştirak etməyəcəyini bildirib. Bu qərar həkimlərlə birlikdə qəbul olunub. Komandadan bildiriblər ki, hər iki sürücünün vəziyyəti yaxşıdır və onların yaxın həftələrdə sükan arxasına qayıtması planlaşdırılır.

Bazar səhəri Formula 3 iştirakçılarını günəşli hava və +20°C temperatur qarşılayıb. Startda Teofil Nael liderliyini qoruyub, Freddi Sleyter isə ikinci yer uğrunda mübarizədə Uqo Uqoçukvunu qabaqlayıb. Brando Badoer yaxşı start alaraq altıncı yerə yüksəlib. Xose Garfias ilk döngədə trasdan çıxaraq sonuncu yerə düşüb.

23 dövrədən ibarət yarışın ikinci dövrəsində Uqo Uqoçukvu əks-hücum edərək Sleyterdən ikinci yeri geri alıb. Dördüncü dövrədə isə komanda yoldaşı Naelə hücum edib və yarışın liderinə çevrilib.

Nael lideri buraxmayıb və cüzi fərqlə geridə qalaraq təzyiq göstərib. Liderlərin arxasında Badoer beşinci yer uğrunda mübarizədə Nikola Lakorteni keçib, Noy Stromsted isə Bruno del Pino və Mattia Kolnanini qabaqlayaraq 10-cu yerdən 8-ci yerə qalxıb.

Yeddinci dövrəyə qədər ilk üçlük pelotondan iki saniyə uzaqlaşıb. Səkkizinci dövrədə Badoer son döngədə fırlanaraq 11-ci yerə düşüb. Ardınca Nandhavud Bhiirombhakdi 12-ci döngədə qəzaya düşüb və 9-cu dövrədə təhlükəsizlik maşını trasa çıxıb.

Restart 12-ci dövrədə verilib. İlk onluqda sürücülər mövqelərini qoruyublar. 13-cü dövrədə Bruno del Pino səkkizinci yer uğrunda mübarizədə Kolnanini keçib. Badoer isə yenidən səhv edərək 15-ci yerə düşüb.

15-ci dövrədə Nikola Lakorte Sleyterə hücum edib və üçüncü yerə yüksəlib. Növbəti dövrədə ikinci yerdə gedən Teofil Nael falsstarta görə 5 saniyə cərimə alıb.

16-cı dövrədə Noy Stromsted Maciej Gladışı keçərək beşinci yerə qalxıb. Bir dövrə sonra Gladış daha iki mövqe itirib — Taito Kato və Bruno del Pino onu qabaqlayıb. Öndə Stromsted ilə Lakorte arasında təmas olub, nəticədə Lakortenin ön qanadı zədələnib və o üçüncü yerdən yeddinci yerə düşüb.

Bir dövrə sonra Lakorte də faly-starta görə 5 saniyə cərimə alıb və zədələnmiş maşınla mövqelər itirərək doqquzuncu yerə geriləyib.

20-ci dövrədə Sleyter 9-cu döngədə Naeli keçərək ikinci yerə yüksəlib. Az sonra Maykl Şinin 5-ci döngədə qəzasına görə yenidən təhlükəsizlik maşını trasa çıxıb. Stromsted isə Lakorte ilə toqquşmaya görə 10 saniyə cərimə alıb.

Təhlükəsizlik maşını son dövrənin sonunda pit-leyinə qayıdıb və sürücülər mübarizəsiz finişə çatıblar. Uqo Uqoçukvu Formula 3-dəki ikinci mövsümünə qələbə ilə başlayaraq çempionatda liderliyə yüksəlib. Freddi Sleyter isə karyerasının ən yaxşı nəticəsini təkrarlayaraq ikinci olub.

Cərimələr tətbiq edildikdən sonra üçüncü yerə Taito Kato yüksəlib. Nael və Stromsted isə ilk onluqdan kənarda qalaraq xal qazana bilməyiblər. Ən sürətli dövrəyə görə əlavə xalı dördüncü yeri tutan Bruno del Pino əldə edib.

Formula 3 mövsümünün ikinci mərhələsi 10–12 aprel tarixlərində Bəhreyndə keçiriləcək.

Rauf Hacıyev

Şərh əlavə et