Yarış direktorluğu kvalifikasiyanın başlanmasını üç dəqiqə gecikdirib. 30 dəqiqəlik sessiyanın vaxtı geri saymağa başlayanda sürücülər trasa çıxıblar. İki isinmə dövrəsindən sonra onlar tam sürətlə hücuma keçiblər.
İlk sürətli nəticəni Noy Stromsted göstərib – 1:34.638. Lakin demək olar ki, dərhal Uqo Uqoçukvu onun nəticəsini 0.4 saniyə yaxşılaşdırıb. Sürətli dövrədən sonra sürücülər təkərləri soyutmaq üçün bir yavaş dövrə vurub və yenidən hücuma keçiblər. Sessiyanın bitməsinə 20 dəqiqə qalmış isə Trident komandasının sürücüsü Matteo de Palo 10-cu döngədə trasdan çıxaraq maşını qəzaya uğradıb və qırmızı bayraqlar göstərilib.
Fasilə doqquz dəqiqə davam edib, sonra sürücülər yenidən trasa qayıdıblar. Onlar yenə iki isinmə dövrəsi vurduqdan sonra sürətli dövrələrə başlayıblar.
Sürətli dövrədə 10-cu döngədən çıxışda Uqoçukvu köpük reklam bannerinə toxunub, ön qanadı sındırıb və boksa qayıdıb. Ceyms Uorton ikinci yerə yüksəlib və Stromstedi geridə qoyub. Stromsted isə sürətli dövrəsində 4-cü döngədə trasdan geniş çıxıb. Teofil Nael bu mərhələdə dördüncü yerə yüksəlib.
Sessiyanın bitməsinə səkkiz dəqiqə qalmış sürücülər yeni təkərlər üçün boksa qayıdıblar və həlledici cəhdə başlayıblar. Mattia Kolnanyi ikinci yerə yüksəlsə də, onun nəticəsini tezliklə Freddi Sleyter yaxşılaşdırıb.
Ceyms Uorton liderin nəticəsini yaxşılaşdırmağa yaxın olsa da, üçüncü sektorda vaxt itirib və dövrəni dördüncü nəticə ilə başa vurub. Az sonra Prema sürücüsü beşinci yerə düşüb, çünki ART komandasından Taito Kato ondan sürətli olub. Son dəqiqədə isə Katonun nəticəsini onun komanda yoldaşı Matsay Gladış keçərək üçüncü yerə yüksəlib.
Kvalifikasiyanın vaxtı başa çatdıqdan sonra Teofil Nael dövrəsini 1:34.187 nəticə ilə tamamlayıb və poul qazanıb. Uqo Uqoçukvu nəticəsini yaxşılaşdıra bilməyib və ikinci yerdə qalıb.
Sprint yarışının start düzülüşü isə tərs qaydada formalaşdırılıb – ilk 12 yeri tutan sürücülər sabah yarışa əks ardıcıllıqla start verəcəklər. Beləliklə, şənbə günü sprint yarışına poul mövqeyindən Bruno del Pino başlayacaq. Onunla birlikdə birinci cərgədən Enzo Delinyi start alacaq.




Şərh əlavə et