İtalyan istehsalçı MotoGP-nin mövcud texniki reqlamentindəki son mövsümdən əvvəl yeni RS-GP26 motosikletini Milanda, Sky studiyalarında keçirilən təqdimat mərasimi ilə ictimaiyyətə açıqlayıb.
Noale mərkəzli italiyalı istehsalçı 2026-cı il mövsümündə Marko Bezzekki və Xorxe Martinlə birlikdə Ducati-nin uzun illərdir davam edən üstünlüyünə son verməyi hədəfləyir.
Ötən il olduğu kimi bu dəfə də Sky studiyalarında təşkil olunan təqdimat mərasimində Aprilia hədəfini açıq şəkildə ortaya qoyub. 2025-ci il mövsümünə böyük iddialarla başlayan komanda, Xorxe Martinin Ducati-dən transferi ilə mühüm addım atmışdı. Həmin dövrdə motosiklet üzərində dünya çempionunu simvolizə edən 1 nömrə yer almışdı. 2026-cı ildə bu nömrə yoxdur, lakin Aprilia onu bu dəfə öz gücü ilə geri qaytarmağı qarşısına məqsəd qoyub.
2025-ci il mövsümünün xüsusilə ikinci yarısında göstərilən performans bu iddianı əsaslandırır. Mark Markesin zədə səbəbilə yarışmadığı mərhələdə Aprilia yaranmış fürsətdən maksimum istifadə edib və son dörd yarışın üçünü qazanıb.
Aprilia Racing-in baş icraçı direktoru Massimo Rivola 2026-cı il mövsümünə yüksək inamla başladıqlarını vurğulayaraq, komandanın artıq hər yarışda qələbə uğrunda mübarizə aparmağı hədəflədiyini bildirib.
Rivola Bezzekki ilə mövsümün sonunda əldə olunan yüksək səviyyədən davam edəcəklərini, Xorxe Martinlə isə müəyyən quruculuq mərhələsinə ehtiyac olduğunu qeyd edib və RS-GP26-nın potensialına tam inandıqlarını deyib.
Marko Bezzekki 2025-ci il mövsümü boyunca motosikletin inkişafında əsas fiqura çevrilərək, komandanın təbii lideri olub və RS-GP platformasını irəli aparan əsas sürücü məhz o olub. Mark Markeslə tras üzərində yaşanan sərt mübarizələr isə Bezzekkinin özünəinamını və lider mövqeyini daha da möhkəmləndirib.
Bezzekki yeni mövsüm ərəfəsində motivasiyasının çox yüksək olduğunu, zavodda işlərin fasiləsiz davam etdiyini və əsas məqsədinin mövsümə güclü start vermək olduğunu bildirib.
Xorxe Martin tərəfində isə daha ümidverici mənzərə yaranıb. 2025-ci il mövsümündə dörd fərqli zədə alan və çətin il keçirən ispaniyalı sürücü qış fasiləsini bərpa prosesi ilə keçirib. Fiziki vəziyyətinin demək olar ki, tam bərpa olunduğunu bildirən Martin, Aprilia ilə yenidən qələbələr qazanmaq və çempionluq mübarizəsində yer almaq istədiyini vurğulayıb.
Texniki tərəfdə isə Fabiano Sterlakkininin rəhbərliyi altındakı mühəndis heyəti RS-GP26 modelini demək olar ki, tamamilə yenidən işləyib. Aerodinamika daha da təkmilləşdirilib, şassi, elektronika və V4 mühərrik üzərində genişmiqyaslı dəyişikliklər aparılıb. Reqlamentin icazə verdiyi bütün sahələrdə performans artırıcı həllər tətbiq edilib.
Yeni motosikletin dizaynında Aprilia-nın klassik rəngləri qorunub saxlanılıb, lakin bu dəfə qara tonlar üstünlük təşkil edir. Qırmızı və bənövşəyi zolaqlar diqqəti cəlb edir, yan kapotda Aprilia yazısına inteqrasiya edilən aslan fiquru isə 2026-cı il mövsümünün vizual imzasına çevrilib.




Şərh əlavə et