Xəbəri Kokpitdə Oxuyun!

VR46 rəng çalarını təqdim edib

VR46 komandası 2026-cı il MotoGP mövsümü üçün Ducati motosikletlərini çərşənbə günü Romada keçirilən xüsusi tədbirdə təqdim edib.

Yeni dizaynda komandanın brendi ilə birbaşa assosiasiya olunan fosforlu sarı rəng daha dominant şəkildə ön plana çıxıb. Son mövsümlərdə istifadə edilən sarı–ağ rəng çalarından imtina olunub, yeni görünüş isə VR46 tərəfindən “qara və açıq tonların sintezi” kimi xarakterizə edilib.

Sürücülərin yarış kombinezonları da yenilənib. Yeni kombinezonlar fosforlu sarı və qara rənglərin birləşdiyi ikitonlu dizayna malikdir.

Təqdimat mərasimində çıxış edən Valentino Rossi rəng dəyişikliyi ilə bağlı fikirlərini bölüşüb: “Bu il rəng çalarını dəyişdik. Üç il əvvəl sarı və ağ motosiklet hazırlamışdıq və ötən il də eyni xətti davam etdirmişdik. Bu mövsüm isə dəyişiklik istədik. Sarını saxladıq, çünki bu bizim rəngimizdir, amma daha aqressiv və yarış ruhuna uyğun hiss yaratdığı üçün qaranı əlavə etdik. Bir qədər klassik köklərimizə qayıtmış olduq.

Motosikletlər və ümumilikdə hər şey çox gözəldir. İndi isə bizə sadəcə sürətli olmaq qalır”.

VR46 komandası 2026-cı il mövsümündə də iki fərqli Ducati Desmosedici spesifikasiyasından istifadə edəcək.

Fabio di Cannantonio tam zavod spesifikasiyasına malik GP26 adlandırılan motosikletlə yarışacaq.

Franko Morbidelli isə Mark Markesin Ducati komandası ilə 2025 -ci il dünya çempionluğunu qazandığı əvvəlki nəsil GP25 modelindən istifadə edəcək.

VR46 komandası keçən mpvsüm Komandalar Çempionatında beşinci pillədən üçüncü yerə yüksəlib və yalnız zavod Ducati komandası ilə Gresini-nin gerisində qalıb. Mövsüm ərzində yenilənmiş motosikletə keçən di Cannantonio dörd dəfə podiuma yüksəlib, Morbidelli isə  GP24 ilə iki podium qazanıb.

Valentino Rossi 2026 mövsümü üçün hədəfləri belə yekunlaşdırıb: “Hazırıq və çox nikbinik. Məqsədimiz ötən ildən daha yaxşı nəticə göstərməkdir. Keçən mövsüm qeyri–stabil keçmişdi. MotoGP-də hər həftəsonu zirvədə qalmaq çox çətindir. Bu il əsas məqsədimiz inkişaf etmək və hər yarışda rəqabətədavamlı olmaqdır”.

Rauf Hacıyev

Şərh əlavə et