Ayın sonunda başlayacaq mövsümöncəsi testlərdən əvvəl keçirilən təqdimatda komandanın 2025-ci ildə Yamaha-ya keçidlə birlikdə qəbul etdiyi mavi–bənövşəyi rəng çalarının yenilənmiş versiyası nümayiş etdirilib.
Təqdimat mərasimi çərşənbə axşamı İtaliyanın Siena şəhərində yerləşən Accademia Musicale Chigiana-da baş tutub və onlayn şəkildə də canlı yayımlanıb. Tədbirdə debütant Toprak Razgatlıoğlu və onun təcrübəli komanda yoldaşı Cek Miller də iştirak ediblər.
Təqdimatla yanaşı, Dünya Superbike üzrə üçqat Dünya Çempionu Toprak Razgatlıoğlunun MotoGP-də 7 nömrə ilə yarışacağı da rəsmən təsdiqlənib.

Toprakın üstünlük verdiyi 54 nömrə Gresini komandasının sürücüsü Fermin Aldeger tərəfindən istifadə olunduğu üçün bu seçim mümkün olmayıb. Denütant statusunda olan Toprak 29-31 yanvarda Sepanq Beynəlxalq Avtodromunda keçiriləcək çəkiliş günü testlərində iştirak etmək hüququ qazanıb. Bu testlərdə ona Yamaha-nın test sürücüsü Auqusto Fernandes dəstək verəcək.
Pramac-ın digər sürücüsü Cek Miller isə 2026-cı il üçün hazırlanmış Yamaha M1 motosikletini ilk dəfə 3-5 fevralda Sepanqda keçiriləcək rəsmi testlərdə idarə edəcək.
2026-cı il mövsümü Pramac üçün mühüm dönüş nöqtəsi sayılır. Uzun illər sıralı dörd silindrli mühərrik konsepsiyasından istifadə edən Yamaha, bu mövsümdən etibarən V4 mühərrikli yeni M1 ilə yarışacaq. Pramac, Ducati ilə əməkdaşlıq etdiyi dövrdə ciddi uğurlar qazanmış, 2023-cü ildə Komandalar Çempionluğunu əldə etmiş, 2024-cü ildə isə Xorxe Martinlə sürücülər çempionluğunu qazanmışdı. Lakin Yamaha ilə keçirdiyi ilk mövsüm gözləntilərin xeyli altında qalmışdı.

Pramac komandası Migel Oliveyra və Cek Miller cütlüyü ilə 2025-ci il mövsümünü cəmi 125 xalla sonuncu pillədə başa vurub. Onlar ən yaxın rəqibləri olan LCR Honda-dan belə 40 xal geri qalıblar. Müqayisə üçün qeyd edək ki, Yamaha-nın baza komandası mövsümü 269 xalla altıncı sırada tamamlayıb və bu xalların böyük hissəsini 2021-ci ilin Dünya Çempionu Fabio Kuartararo toplayıb.




Şərh əlavə et