Xəbəri Kokpitdə Oxuyun!

F1-in qəribə təsadüfləri

Formula 1 tarixində yaşanan qəribə, ürküdücü və izahı çətin hadisələr bu idman növünün təkcə sürətdən ibarət olmadığını göstərib.

1950-ci ildən bu yana milyonlarla insanı ekran başına toplayan Formula 1 75 ildən artıq tarixində yalnız unudulmaz yarışlarla deyil, eyni zamanda sirli, qorxuducu və ağıllara sığmayan hadisələrlə də yadda qalıb. Formula 1-in “X faylı” adlandırıla biləcək bu hekayələr taleyin və təsadüfün arasındakı incə xətti daim sual altına salıb.

Fransua Severtin qəribə taleyi

Tyrrell komandasının unudulmaz pilotu Fransua Severtin həyatı sanki əvvəlcədən yazılmış bir ssenariyə bənzəyir. O dövrdə sevgilisi olan Nanu van Melderen bir falçının ona Fransua ilə yollarının kəsişəcəyini demişdi. 1966-cı ildə isə həmin falçı Nanunun sevgilisinin işində çox böyük uğur qazanacağını, lakin bu uğurun münasibətlərini bitirəcəyini söyləmişdi.

Severt bu sözlərə şübhə ilə yanaşıb və falçını özü ziyarət etmişdi. Falçı onun yarış pilotu olduğunu bilmədən, işində böyük uğur əldə edəcəyini, lakin 30 yaşına çatmayacağını demişdi. Severt bu sözləri gülüşlə qarşılayıb. Ancaq 1973-cü ilin ABŞ Qran Prisindən əvvəl Votkins Qlendə keçirilən məşqlərdə ağır qəza keçirərək dünyasını dəyişmişdi. Ölən zaman Fransuanın 29 yaşı var idi

Formula 1-də “Teylor lənəti”

1950–60-cı illərdə Formula 1-də “Teylor” soyadlı altı pilot yarışıb: Maykl Teylor, Henri Teylor, Con Teylor, Dennis Teylor, Trevor Teylor və Bill Teylor. Onların bəziləri trasda dünyasını dəyişib, bəziləri isə çox gənc yaşda dünyasını dəyişib. Xüsusilə Dennis Teylorun 1962-ci ildə Monakoda Formula Junior yarışında həlak olması bu soyad ətrafında yaranan qəribə zənciri daha da diqqət mərkəzinə salıb.

Monako limanı və 26 may təsadüfü

Monako Qran Prisi tarixində cəmi iki pilot dənizə düşüb: 1955-ci ildə Alberto Askari və 1965-ci ildə Pol Houkins. Hər ikisi qəzadan sağ çıxıb. Lakin hər ikisi illər sonra eyni tarixdə — 26 mayda dünyalarını dəyişiblər. Askari Monakodakı qəzadan cəmi dörd gün sonra test yürüşü zamanı, Houkins isə illər sonra idman avtomobilləri yarışında vəfat edib.

Ata və oğul: Askari ailəsinin faciəsi

Antonio Askari və oğlu Alberto Askari həm karyeraları, həm də ölümləri ilə heyrətamiz formada bir-birlərinə bənzəyiblər. Hər ikisi 36 yaşında, ayın 26-da, ağır qəzalardan bir neçə gün sonra həyatını itiriblər. Hər ikisi iki uşaqlı ailə qoyub gediblər və hər ikisi sürətli döngədən çıxış zamanı faciəvi şəkildə dünyasını dəyişiblər.

Alberto Askarinin batil inancları

Alberto Askari 13 rəqəmindən çox qorxub. Ayın 13-də heç vaxt yarışmayıb. Monakodakı məşhur qəzasında avtomobilinin nömrəsi 26 olub — yəni iki dəfə 13.

Yaxın dostu Ciçi Villorezi bildirib ki, Askari yolda qara pişik görsə, marşrutunu tam dəyişirmiş. Trasda son dərəcə cəsarətli olan Askari gündəlik həyatda isə həddindən artıq ehtiyatlı davranıb.

Gecikmiş ədalət

2012-ci il Belçika Qran Prisində böyük qəzaya səbəb olan Roman Qrojan bir yarışlıq cəza almışdı. Bir həftə sonra keçirilən İtaliya Qran Prisində isə podiuma həmin qəzada yarışdan kənar qalan Lyuis Həmilton, Serxio Peres və Fernando Alonso qalxıb. Bu mənzərə Formula 1 tarixinin ən əfsanəvi “ədalət anları”ndan biri kimi yadda qalıb.

Həmilton və Batton arasındakı qəribə uyğunluq

Lyuis Həmilton və Censon Batton ilk dünya çempionluqlarını Braziliyada, beşinci yer tutaraq və Mercedes mühərrikli avtomobillərlə qazanıblar. Hər iki avtomobilin nömrəsi isə 22 olub.

Teo Fabinin qəribə rekordu

Teo Fabi Formula 1 tarixində bir neçə poul qazanmasına baxmayaraq, heç vaxt yarışa liderlik etməyən yeganə pilot kimi qeydə alınıb. Start problemləri, mexaniki nasazlıqlar və ardıcıl bəxtsizliklər bu qəribə statistikanın əsas səbəbi olub.

Nəsillərarası qəribə bağlar

Alan Consun qalib gəldiyi yarışda Alen Prost Formula 1-də debüt edib. Prostun qalib gəldiyi yarışda Ayrton Senna ilk startını alıb. Sennanın qalib gəldiyi yarış isə Prostun vida yarışı olub.

Oxşar təsadüf Mixail Şumaxer və Censon Batton arasında da yaşanıb: Şumaxer Battonun ilk yarışında qalib gəlib, Batton isə Şumaxerin son yarışında qələbə qazanıb.

Ad günündə qələbə

Formula 1 tarixində cəmi iki pilot ad günündə yarış qazanıb. Ceyms Hant 29, Jan Alezi isə 31 yaşını qələbə ilə qeyd ediblər.

Çempionluq sayları və podium

2013-cü il Avstraliya Qran Prisində podiuma çıxan üç pilotun dünya çempionluğu sayı ardıcıl olaraq bir, iki və üç olub.

İtən brilyant

2004-cü il Monako Qran Prisində Jaguar avtomobilinin burnuna yerləşdirilən brilyant ilk dövrədə baş verən qəza zamanı itib. İllər sonra həmin brilyantıb əslində real olmadığı üzə çıxıb.

Sinqapur və maqnit sahəsi şayiəsi

Bir dövr Sinqapur metrosunun yaratdığı maqnit sahəsinin avtomobillərə təsir etdiyi iddia olunub. Bəzi maşınlarda ötürücülərin öz-özünə boş vəziyyətə düşməsi bu şayiələri gücləndirib.

Lakin texniki araşdırmalar Felipe Massanın yaşadığı problemin tamamilə mexaniki nasazlıqdan qaynaqlandığını ortaya çıxarıb.

Rauf Hacıyev

Şərh əlavə et