Portimaoda keçirilən mövsümün sondan ikinci yarışında hava istiliyi təxminən 19 dərəcə olub. Bütün həftəsonu hökm sürən günəşli hava nəticəsində asfalt temperaturu 28 dərəcəyə qədər qalxıb.
Sürücülərin əksəriyyəti ön tərəfdə Hard, arxada Medium tərkibli təkərlər seçib. Yeganə fərqli seçim Aleks Rins tərəfindən edilib. Belə ki, o, ön tərəfdə Medium tərkibli təkərlə yarışıb.
Dünənki güclü Q2 performansının ardından yarışa pouldan başlayan və mövsümdə ikinci qələbəsini hədəfləyən Bezzekki, startdan etibarən üstünlüyü ələ alıb. O, yalnız Aleks Markesin tempi yaxınlaşanda təzyiq hiss edib, amma 25 dövrə ərzində liderliyini qoruyub saxlayıb.
İtalyan pilot rəqibləri ilə fərqi artıraraq, qələbə qazanıb və 98 saniyəlik dövrə aralığında ən sabit sürücülərdən biri olub.
Dünənki sprint yarışının qalibi olan Aleks Markes sıralanma turundakı səhv səbəbindən yarışa beşinci yerdən başlayıb. Gresini Ducati pilotu qısa zamanda temp tutaraq, Pedro Akostanı geridə qoyub və Bezzekkinin arxasında ikinci yeri tutub.
İkinci yerdən başlayan Akosta, ilk dövrələrdə üçüncülüyə geriləsə də, yarışın sonlarında sürətini artıraraq Aleks Markesi sıxışdırmağı bacarıb, lakin KTM Fabrika komandasının sürücüsü yarışı üçüncü pillədə tamamlayıb.
İlk doqquzluğu Fermin Aldequer, Bred Binder, Fabio Kuartararo, Ay Oqura, Fabio Di Canantonio və Yohan Zarko tamamlayıb.
Pis sprint keçirən Françesko Banyaya üçün bazar yarışı da uğursuz alınıb. O, dördüncü yerdə gedərkən əyləcləmə zamanı ön təkərin kilidlənməsi nəticəsində qəzaya düşüb və yarışdan kənarda qalıb. Bu, onun ardıcıl dördüncü dəfə mübarizəni dayandırması olub.
Dünya Superbike Çempionu Toprak Razqatlıoğlunun rəqibi Nikolo Buleqa, Portuqaliyada bu həftəsonu Mark Markesin yerinə çıxış edib. Dünən sprint yarışının ikinci dövrəsində yıxılan Buleqa bu dəfə yarışa 18-ci yerdən başlayıb və 4 pilotun yarışı yarımçıq qoyduğu Portuqaliya yarışını 15-ci yerdə bitirib.




Şərh əlavə et