Xəbəri Kokpitdə Oxuyun!

Sprintin qalibi Aleks Markesdir

Gresini Ducati komandasının pilotu Aleks Markes Portimaoda baş tutan 12 dövrəlik sprint yarışında Pedro Akosta və Marko Bezzekki ilə başdan sona davam edən mübarizədən qalib ayrılıb.

Yarışa pouldan başlayan Bezzekki güclü start alaraq ilk dövrəni lider kimi tamamlayıb. Lakin ikinci dövrənin sonunda Pedro Akosta düzlüyün sonundakı hücumu ilə liderliyi ələ keçirib. Gresini Ducati komandasının sürücüsü Markes isə üçüncü yerdən irəliləyərək  Bezzekkini geridə qoyub və ikinci sıraya yüksəlib.

Yarışın orta hissəsində Akosta ilə Markes arasında gərgin liderlik mübarizəsi yaşanıb. Beşinci dövrənin sonunda Markes ustalığını göstərərək önə keçib, amma bir neçə döngə sonra Akosta cavab hücumu ilə mövqeyini bərpa edib. Mübarizə son dörd dövrəyə qədər davam edib. Markes səkkizinci dövrənin ilk döngəsində hücum edərək liderliyi qazanıb və finişə qədər üstünlüyünü qoruyub. Akosta son dövrədə fərqi azaltsa da, keçid imkanı tapa bilməyib.

Marko Bezzekki yarışın əvvəlində liderliyini qorusa da, son dövrələrdə tempini itirərək üçüncü pillədə finiş xəttini keçib. Fabio Kuartararo dördüncü, Fabio Di Cannantonio beşinci, Fermin Aldequer isə altıncı olub. Son dövrələrdə Yohann Zarko ilə Françesko Banyaya arasındakı mövqe mübarizəsində Zarko yeddinci, Banyaya səkkizinci yeri tutub. Bred Binder doqquzuncu, Pol Esparqaro isə onuncu pillədə qərarlaşıb.

Nikolo Buleda MotoGP-dəki ilk sprint yarışında beşinci dövrənin 13-cü döngəsində yıxılaraq mübarizəni yarımçıq saxlayıb. Xoan Mir startdan az sonra texniki problem yaşayaraq pit yoluna dönüb. Somkiat Çantra da üçüncü dövrədə pitə daxil olaraq yarışı vaxtından əvvəl başa vurub.

Rauf Hacıyev

Şərh əlavə et