Xəbəri Kokpitdə Oxuyun!

Markes Avstriyada ilk dəfə qazanıb

MotoGP üzrə Avstriya yarışını Mark Markes qazanıb. Fermin Aldequer ikinci, Marko Bezzeki isə üçüncü yerləri tutublar.

Red Bull Ring trasında keçirilən yarışa pouldan başlayan Marko Bezzeki startda liderliyini qoruya bilib.

İkinci yerdən start alan Aleks Markes isə həm qardaşı Mark Markesin, həm də Françesko Banyayanın gerisinə düşüb. İlk dövrə tamamlanmadan Ducati sürücüləri Markes və Banyaya arasında gərgin ikincilik mübarizəsi yaşanıb, lakin  həmin dövrədə üstünlüyü Banyaya qoruyub saxlayıb. Bu anda Aleks Markes uzun dövrə cəzası alıb.

İkinci dövrədə Mark Markes rəqibi Banyayanı keçərək, ikinci pilləyə yüksəlib. Uzun dövrə cəzasını yerinə yetirən Aleks Markes isə trasa 11-ci yerdə qayıdıb.

Daha sonrakı hissədə Mark Markes və Bezzeki arasında liderlik uğrunda mübarizə başlayıb, lakin fərq bir müddət sonra yenidən açılıb.

Bir neçə dövrə sonra Xorxe Martin qəza edib və üçüncü sektorda sarı bayraqlara səbəb olub.

19-cu dövrədə Fermin Aldeguer üçüncülüyə yüksəlib. Elə bu anda Mark Markes liderlik uğrunda mübarizədə hücuma keçərək, Bezzekini ötsə də, italyan sürücü növbəti döngədə əks hücum ilə yerini geri qaytarıb. Bir neçə döngə davam edən gərgin mübarizədən sonra Mark Markes yenidən liderliyə yüksəlib və  bu dəfə mövqeyini möhkəmləndirib.

21-ci dövrədə Fabio Di Cannantonio mübarizəni dayandırıb.

Son dövrələrdə üçüncü yerdə gedən Fermin Aldequer rəqibi Marko Bezzekini də geridə qoyaraq, bir pillə irəliləyib.

Beləliklə, 29 dövrəlik yarışı Mark Markes qazanıb. Aldequer ikinci, Marko Bezzeki isə üçüncü olub. Pedro Akosta dördüncü, Enea Bastyannini beşinci, Xoan Mir isə altıncı yeri tutub.

Rauf Hacıyev

Şərh əlavə et