Şənbə günü Red Bull Rinqdə keçirilən sıralanma turunda günəşli hava hökm sürüb.
Birinci sessiyada dörd Yamaha sürücüsü də trasda olub və əsas mübarizə Marko Bezzeki ilə Enea Bastianini arasında yaşanıb. Sessiyanın ən sürətli dövrəsini 1:28.353 nəticə ilə Tech3 komandasının sürücüsü Bastianini göstərib. Bezzeki ikinci yeri tutaraq ikinci sessiyaya yüksəlib. İlk beşliyi Luka Marini, Xorxe Martin və Fabio Di Cannanantonio tamamlayıb. Martinin sürətli dövrəsi tras limitlərini aşdığı üçün ləğv olunub.
İkinci sessiya isə Markes qardaşlarının zirvə uğrunda mübarizəsi ilə başlayıb. İlk qəza LCR Honda pilotu Yohan Zarkodan gəlib. Bu, fransalı sürücünün şənbə günü etdiyi ikinci qəza olub.
Pedro Akosta dövrəsini yaxşılaşdırmağa çalışarkən motosikleti dayanıb və vaxt itirərək pitə qayıdıb. Bu vaxt Françesko Banyaya və Bezzeki dövrələrini yaxşılaşdıraraq, ön sıralara yüksəliblər. Bastianini isə Bezzekini yaxından izləsə də, üçüncü sektorda vaxt itirərək beşinci yerdə qalıb.
Sessiyanın ikinci qəzası çempionata liderlik edən Mark Markesdən gəlib. O, sonra sessiyaya davam etsə də, motosikletinin aldığı zədədən sonra əvvəlki sürətini tapa bilməyib və sessiyanı dördüncü yerdə bitirib.
Son qəzanı isə sərbəst yürüşlərdə sürpriz performans göstərən Raul Fernandes edib. Bunun nəticəsində 1-ci və 2-ci sektorda sarı bayraq qaldırılıb. Bu anlarda pitdən çıxan Akosta fürsəti dəyərləndirməyə çalışsa da yalnız yeddinci ola bilib.
Çətin keçən cümə günündən sonra Bezzeki 1:28.060 nəticəsi ilə poulu qazanıb. Aleks Markes sessiya ərzində stabil və güclü performans göstərərək, ikinci yeri tutub. Onların ardınca yarışa üçüncü yerdən Françesko Banyaya başlayacaq.
Şərh əlavə et