Xəbəri Kokpitdə Oxuyun!

Markes Avstriyada günü zirvədə bağlayıb

Çempionatın lideri Mark Markes Avstriya Qran Prisinin cümə günü baş tutan hər iki sərbəst yürüşlərini də lider kimi tamamlayaraq, Red Bull Rinqdə güclü start verib.

Karyerasında bu trasda hələ qələbəsi olmayan ispan sürücü günortadan sonrakı sessiyanı 1:28.177 nəticə ilə zirvədə başa vurub. Sessiyanın əvvəlində KTM-dən Pedro Akostanı arxasında saxlayaraq, onu birinci yerə çıxaran Markes, daha sonra tempi artıraraq Akostanı 0.228 saniyə qabaqlayıb.

Ducati-nin digər sürücüsü Françesko Banyaya və Gresini-dən Aleks Markes ilk dördlüyü tamamlayıblar. Raul Fernandes Aprilia ilə beşinci, Honda-dan Xoan Mir isə altıncı yeri tutub. İlk onluqdakı digər sürücülər Franko Morbidelli, Yohan Zarko, Fermin Aldeguer və Bred Binder olublar. Bu nəticələr sayəsində onlar birbaşa sıralama turlunun ikinci hissəsinə yüksəliblər.

Mövsümdə dörd dəfə poul qazanmış Fabio Kuartararo, Aprilia komandasınıb sürücüləri Marko Bezzeki və Xorxe Martin, həmçinin VR46-dan Fabio Di Cannanantonio ilk onluqdan kənarda qalıblar.

Sərbəst yürüşlər Kuartararonun qəzasından sonra trasdakı maye izlərinin təmizlənməsi və hava baryerinin bərpası üçün dayandırılıb. Qısa müddət sonra eyni döngədə Migel Oliveyra da yıxılıb. Sarı bayraq rejimində yıxılan Pramac sürücüsü ilə bağlı araşdırma başlansa da, təkrar görüntülərdə Cek Millerin motosikletindən çıxan tüstünün həm Kuartararo, həm də Oliveyranın qəzalarına səbəb ola biləcəyi aşkarlandığından, araşdırma dayandırılıb.

Son dünya çempionu Xorxe Martin isə isinmə dövrəsində 9-cu döngədə yüksək sürətlə qəza keçirib, lakin xəsarət almadan motosikletdən ayrılıb. Zaksenrinqdə çiyin zədəsi alan Maverik Vinyales isə sessiyanı “Tech3” qarajında keçirib və trasda olmayıb. Onun şənbə günü çıxış edib-etməyəcəyi hələ də məlum deyil.

Rauf Hacıyev

Şərh əlavə et