2025-ci ilin 5-6 aprel tarixlərində Gürcüstanın Rustavi International Motorpark trekində keçirilən Georgian Drift Series drift turniri Azərbaycan üçün qürurverici anlarla yadda qaldı. Yarışda ölkəmizi təmsil edən Ceyhun Süleymanov, Fərid Quliyev, Elçin Məmmədov, Pərviz Əzizov, Xəyal Ağcabəyli və Rəhman Şıxəliyev, ölkəmizin adını növbəti dəfə beynəlxalq arenada layiqincə təmsil etdilər.
Ən diqqətçəkən məqamlardan biri isə, pilotlarımızın rəqiblərinə nisbətdə daha az məşq imkanı, uzun yol səfəri və məhdud hazırlıq şəraitinə baxmayaraq göstərdikləri yüksək səviyyəli çıxış oldu. Bu isə pilotlarımızın pilotlarımızın iradə və inamla hər maneəni aşmağa qadir olduğunu bir daha göstərdi.
Pilotlarımızdan Elçin Məmmədov yarışa 1/32 mərhələsindən start götürdü və rəqibini məğlub edərək 1/16 mərhələsinə yüksəldi. Digər pilotlarımız – Ceyhun, Fərid, Xəyal, Rəhman və Pərviz birbaşa 1/16 mərhələsindən yarışa qoşuldular.
1/16 mərhələsində Elçin Məmmədov, Pərviz Əzizov və Rəhman Şıxəliyevin də yer aldığı mübarizədə Ceyhun, Fərid, Xəyal və Rəhman qalib gələrək 1/8 finala yüksəldilər. Elçin və Pərviz bu mərhələdə mübarizəni dayandırsalar da, ortaya qoyduqları mübarizə təqdirəlayiq idi.
Rəhman Şıxəliyevin erməni əsilli rəqibi Suren Kamalyan üzərində əldə etdiyi inamlı qələbə isə yarışın emosional kulminasiyası oldu. Tribunadakı azsaylı azarkeşlərimizin coşqusu və bu qələbənin yaratdığı ruh yüksəkliyi unudulmaz idi.
1/8 finalda isə Fərid, Xəyal və Rəhman mübarizəni dayandırdı. Yeganə təmsilçimiz kimi irəliləyən Ceyhun Süleymanov həm 1/8, həm də 1/4 finalda güclü rəqibləri o cümlədən Gürcüstanın TOP pilotlarından biri olan İrakli Şalikaşvilini məğlub edərək yarımfinala yüksəldi.
Finalda Giorgi Grigalaşvili ilə qarşılaşan Ceyhun, texniki nasazlıq səbəbindən mübarizəni istədiyi kimi tamamlaya bilmədi və yarışı ikinci yerdə başa vurdu.
Bu nəticələr Azərbaycanda drift idmanının beynəlxalq səviyyədə inkişaf etdiyini və böyük potensiala sahib olduğunu sübut edən önəmli hadisə oldu.
Driftçimiz Ceyhun Süleymanov Gürcüstanda ikinci olub

Azərbaycanlı drift pilotları Gürcüstanda parlaq çıxış etdilər – Ceyhun Süleymanov yarışdan gümüş medalla döndü.
Şərh əlavə et