Kokpit.az bildirir ki, ilk və üçüncü məşqlərdə Maks Ferstappen, ikinci məşqlərdə isə Lando Norris hamıdan sürətli olub. Dünənki sərbəst yürüşlər quru havada baş tutsa da, bugünkü son məşqlərə yağış mane olub. Sıralanma turu da nəm trasda start götürüb.
İlk sessiyada hamı keçid təkərləri ilə trasa çıxıb. Yağış səngiyib və asfalt qurumağa başlayıb. Lakin maşınların arxasından su şırnağı qalxıb. Sürücülər ardıcıl dövrələr vuraraq trasın ideal vəziyyətə gəlməsini gözləyiblər. Ferstappen ilk cəhddə hamıdan sürətli olub. İkinci cəhdlər zamanı trasın bəzi yerləri yaş, bəzi yerləri isə quru olub.
Sliklərə keçməyə heç kim risk etməyib. Piastri 1:54.835 ilə protokolların ən yuxarısına adını yazdırıb. Çjou, Sarcent, Tsunoda, Maqnussen və Hülkenberq təsnifat mərhələsini ən erkən başa vuran sürücülər olublar.
İkinci sessiyada sürücülər yenə keçid təkərlərini seçiblər. Trasın bəzi yerlərində yenidən yağış başlayıb. Təkərlər daha səmərəli işləyib. Ferstappen 1:53.837 ilə yeni meyar müəyyən edib. Stroll, Bottas, Rikkardo, Qasli və Elbonun son mərhələyə keçmək istəkləri reallaşmayıb.
Son sessiyada bəzi sürücülər işlənmiş yaşıl təkərlərlə mübarizəyə başlasalar da, daha sonra yenilərinə keçiblər. Ferstappen rəqiblərinə böyük fərqlə üstünlük qurub – 1:53.159. İkinci cəhdlərdə bir çoxları dərəcələrini yaxşılaşdıra bilməyiblər. Ferstappenin nəticəsi ən yaxşı olaraq qalıb. Lakin startda 10 yer itirəcəyi üçün poul ona qismət olmayıb.
Şarl Lekler mövsümdə ikinci, karyerasında isə 24-cü poulunu qazanıb. Sabahkı yarışa onun yanından Serxio Peres başlayacaq. İkinci cərgədən Lyuis Həmilton və Lando Norris, üçüncü cərgədən isə Oskar Piastri və Corc Rassell start alacaqlar. Maks Ferstappenin yarışa başlayacağı mövqe isə 11-dir.
Son yarışlardakı yaxın mübarizələr, mövsümdə artıq 7 müxtəlif sürücünün qələbə qazanması, burada sürətli olan Ferstappenin arxalardan başlaması bizə sabaha olduqca maraqlı bir yarış vəd edir. Sonrasında isə bütün çempionat 1 aylıq “yay yuxusuna” gedəcək…
Şərh əlavə et