Xəbəri Kokpitdə Oxuyun!

K.Sayns problemi açıqlayıb

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, İspaniya Qran Prisinin sıralanma turunda çətinlik çəkmələrinin əsas səbəbi maşının tullanmasıdır.

Kokpit.az xatırladır ki, Ferrari komandasının sürücüləri Barselonada poul üçün əsas namizədlərdən sayılırdılar, amma McLaren-dən Lando Norris və Red Bull-dan Maks Ferstappen ilk cərgəni zəbt ediblər. Bundan başqa Mercedes komandasının sürücüləri ikinci cərgəni tutublar. Ferrari-dən Şarl Lekler 5-ci, Karlos Sayns isə 6-cı yerləri tutublar.

Əslində “Qırmızılar” İspaniyaya böyük yenilik paketi ilə gəlmişdilər. Buna görə də onlar ümid edirdilər ki, Kataloniya trasında önə doğru addımlar atacaqlar. Əslində sərbəst yürüşlər də Ferrari komandasını və fanatlarını ümidləndirmişdi. Karlos Sayns ilk iki sessiyada ikinci yeri tutsa da, şənbə günü keçirilən üçüncü sərbəst yürüşlərdə birinci yerdə qərarlaşmışdı. Bütün bunlar Ferrari komandasını və Karlos Saynsı poul uğrunda mübarizədə favorit göstərirdi. Lakin sən saydığı say, gör fələk nə sayır…

İtalyan təmsilçisi ikinci sessiyadan başlayaraq geriləməyə başlayıb. Yekunda onlar sıralanma turunda üçüncü cərgəni tutubar.

Öz publikası önündə yarışa 6-cı yerdən başlayacaq Karlos Sayns düşünür ki, maşının yüksək sürətdə tullanma problemi onları poul uğrunda mübarizədə geri atıb: “Bütün həftəsonu ərzində yüksək sürətli döngələrdə mübarizə apardıq. Hələ də yüksək sürətli döngələrdə bizə çox çətin anlar yaşadan bir problemimiz var: Tullanma problemi. Böyük ehtimalla bu hal üçüncü sektor üçün təkərləri bir az öldürür.

Bu reqlamentin üçün mövsümündə hələ də maşına yük düşəndə və ya yüksək sürətli döngələrdə tullanma problemi ilə mübarizə aparırıq. Bütün həftəsonu ərzində bundan qurtulmağa çalışsaq da, bacara bilmədik. Bu trasa gəldiyimizdə McLaren və ya Red Bull-un heç tullanmadığını görə bilirsiniz. Məncə, bu mövzuda çox yaxşı işlər görüblər”.

Karlos Sayns bildirib ki, sıralanma turunun ikinci sessiyasına qədər poul qazanmaq şanslarının olduğuna inanıb, ancaq rəqibləri sürətləndikcə ümidləri sönməyə başlayıb: “İkinci sessiyada Red Bull və McLaren sürətləndilər və onda hiss etdik ki, bizə qarşı üstünlük qazanmağa başlayıblar. Çox məyus oldum, çünki sərbəst yürüşlərdən sonra düşünürdüm ki, poul qazanmaq üçün mübarizə apara bilərik. Lakin sıralanma turunun ikinci sessiyasında bundan çox uzaqda olduğumuzu gördük”.

Yarışa beşinci yerdən start verməyə hazırlşan Şarl Lekler isə bildirib ki, bu həftəsonu Ferrari ilə özünü heç bir formada rahat hiss etməyib.

Şarl Lekler: “Birinci və ikinci sərbəst yürüşlər mənim üçün çox çətin keçdi. Birinci sərbəst yürüşlərdə mən köhnə paketi götürmüşdüm və iki maşını müqaysə etməli idik.

İkinci sərbəst yürüşlərdə isə maşında özümü heç yaxşı hiss etmədim. Balans çox pis idi. Şənbə günü təməldə hər şeyi olmasa da, boliddəki əksər şeyləri dəyişdirdik. Üçüncü sərbəst yürüşlərdə özümü daha çox rahat hiss edirdim. Ancaq tempim istədiyimiz səviyyədə deyildi.

Cümə günündən şənbə günüə qədər inkişaf etdim və buna görə çox sevincliyəm. Düşünürəm ki, bunun qarşılığını yarışda alacağam. Ancaq xoşbəxt deyiləm və bolidin şənbə günü sıralanma turundakı sürətinə görə çox məyus oldum”.

Qeyd edək ki, Ferrari Barselonaya böyük yenilik paketi gətirib. “Qırmızılar” Avropa mövsümünün açılış yarışı olan Kataloniyaya arxa qanad, saydpod, motor qapağı, altlıq, diffuzor və yeni halo dizaynı ilə gəliblər. Belə görünür ki, bu yeniliklər italyan təmsilçisinə heç kömık etməyib.

Ferrari komandası bu mövsüm 2 qələbə qazanıb və  6 yarış qazanmış Red Bull-dan sonra ən çox yarış qazanan ikinci komandadır. Lakin onlar sonuncu Kanada yarışında iki sürücü ilə də mübarizəni dayandıraraq, xalsız qalmışdılar.

“Qırmızlar” hazırda Mühəndislər Kubokunda Red Bull-a 49 xal uduzaraq, ikinci yerdə qərarlaşıblar.

Rauf Hacıyev

Şərh əlavə et