Xəbəri Kokpitdə Oxuyun!

Rosberq: Madrinqdəki problemə görə Sayns günahkardır

Formula 1üzrə 2016-cı ilin Dünya Çempionu Niko Rosberq Madrinqdə ötmə imkanlarının kifayət qədər olmamasını tənqid edib. Almaniyalı sabiq pilot trasın səfiri Karlos Saynsın da bu məsələyə görə məsuliyyət daşıdığını bildirib.

2026-cı il İspaniya Qran Prisi Barselona-Katalunya trasından ayrılaraq Madriddə, IFEMA sərgi mərkəzinin ətrafında salınmış yeni yarımsabit trasda keçirilib.

Kimi Antonellinin mövsümdə səkkizinci qələbəsini qazandığı yarış isə ötmələrin son dərəcə az olması ilə yadda qalıb. Yarışın gedişində liderlik uğrunda mübarizə də əsasən sıralanma turundakı nəticələrə uyğun davam edib.

Rosberq yarışdan sonra Sky Sports F1-ə açıqlamasında Madrinqin 2027-ci il mövsümündən əvvəl yenidən nəzərdən keçirilməli olduğunu deyib: “Karlos Sayns trasın səfiri idi. Ona görə də Karlos Saynsı tənqid etməliyik.

Gələn il üçün trasın quruluşuna yenidən baxmalı və burada ən azı bir yaxşı ötmə nöqtəsi yaratmalıdırlar. Buna ehtiyacımız var, çünki bu trasda ötmək çox çətindir”.

Rosberq McLaren pilotu Oskar Piastrinin yeni təkərlərlə belə Alpine sürücüsü Franko Kolapintonu keçməkdə çətinlik çəkməsinə də diqqət çəkib: “Bu, olduqca təəccüblü idi. Məsələn, Piastrinin Kolapintonu keçməyə çalışmasına baxın. Piastrinin yeni təkərləri var idi və buna baxmayaraq ötməyi bacarmadı. Halbuki o, xeyli sürətli idi. Ötmək həqiqətən çox çətindir”.

Rauf Hacıyev

Şərh əlavə et