Orta və yüksək sürətli döngələrin çətin kombinasiyası sıralanma turunda maraqlı mübarizə yaratsa da, ötmə imkanlarının demək olar ki, olmaması F1, F2 və F3-də ümumilikdə sönük yarış həftəsonuna səbəb olub.
Trasın əsas ötmə nöqtəsi kimi ən uzun düzlüyün sonunda yerləşən 5-ci döngə nəzərdə tutulmuşdu. Lakin onun mürəkkəb quruluşu ötməni demək olar ki, mümkünsüz edib. Pilotlar cümə günü keçirilən brifinqdə döngəyə həm əyləclə, həm də sükanı çevirərək daxil olmalı olduqlarından narazılıqlarını bildiriblər.
Sürücülər bunun öndəki pilotun mövqeyini müdafiə etməsini xeyli asanlaşdırdığını vurğulayıblar. Bundan başqa, pit yolunun həddindən artıq uzun olması komandaları fərqli pit-stop strategiyalarına əl atmaqdan çəkindirib.
Yarışdan sonra açıqlama verən təşkilat direktoru Luis Qarsia Abad trasda yarış keyfiyyətini artırmaq üçün dəyişikliklər etməyə hazır olduqlarını və 2027-ci il yarışı ilə bağlı FIA-dan artıq tövsiyələr aldıqlarını bildirib: “Düzünü desəm, FIA artıq trası necə inkişaf etdirə biləcəyimizi göstərib. Gələn il trası yenidən quracağımız üçün dəyişikliklərə tam açığıq.
İnanıram ki, pilotlar sıralanma turundan böyük zövq aldılar. Amma gələn il üçün mütləq müəyyən təkmilləşdirmələr etməyə çalışacağıq”.
Madrinqdəki yarış 10 illik müqavilənin ilk mərhələsi olub. Trasın şimal hissəsinin boş ərazidə sıfırdan inşa edildiyini xatırladan Abad böyük dəyişikliklər üçün kifayət qədər imkanlarının olduğunu vurğulayıb. “Ərazimiz də var, imkanlarımız da. Bunu həyata keçirəcək gücə sahibik. FOM, FIA və biz birlikdə bunu sınayacağıq. Əgər inkişaf etdirə biləcəyimiz hər hansı məqam varsa, bunu mütləq edəcəyik”.
2025-ci ilin dünya çempionu Lando Norris də yarışdan sonra trasın idarəçilərinə bəzi təkliflər verib. McLaren pilotu Madrinqin sıralanma üçün yaxşı, lakin yarış baxımından ideal olmadığını düşünür: “Məncə, bura möhtəşəm yarış trası deyil. Sıralanma turları üçün əladır. Amma Ostindəki 1-ci və ya 10-cu döngə kimi kəskin bir döngə yaratmaq üçün 17-ci döngədən birbaşa 20-ci döngəyə qədər düz yol açmaq daha faydalı ola bilər.
Beləliklə, hər kəs üçün daha çox imkan yaranar və yarışdan zövq almaq mümkün olar. Bəzi sadə dəyişikliklər etmək olar. 5, 6 və 7-ci döngələr kimi daha mürəkkəb hissələr də var. Ən doğru variantın nə olduğunu dəqiq bilmək çətindir. Ancaq eyni anda həm döngəni keçməyə, həm də əyləcləməyə məcbur olmağınız yarış məntiqinə tamamilə ziddir”.




Şərh əlavə et