Xəbəri Kokpitdə Oxuyun!

Alonso Saynsla insident barədə: Buna ehtiyac yox idi

Fernando Alonso Karlos Saynsla yarış zamanı yaşadığı insidentin lazımsız olduğunu bildirib. Aston Martin pilotu yeni Madrinq trasında ötmələrin gözlənildiyindən asan olduğunu, lakin 15, 16 və 17-ci döngələrdə müəyyən dəyişikliklərin edilə biləcəyini düşünür.

Aston Martin komandasının sürücüsü  İspaniya Qran Prisindən sonra yarış zamanı yaşanan hadisələri və yeni trasın xüsusiyyətlərini dəyərləndirib.

Lakin Alonso yarışın sonrakı bölümündə Saynsla yaşadığı və finişdən sonra şikayət etdiyi insidentin lazımsız olduğunu düşünür: “Düşünürəm ki, Sayns cəza alıb. Əgər onlar bunun kifayət etdiyini düşünürlərsə, mənim üçün problem yoxdur. Hər ikimiz xal qazana bilmədik, ancaq məncə, buna ehtiyac yox idi. Sol tərəfdə kifayət qədər yer var idi. Mən sağ tərəfdə, divarın yanında saatda 340 kilometr sürətlə hərəkət edirdim. Məncə, buna ehtiyac yox idi”.

Alonso yarış zamanı yaşadığı digər problemin Aston Martin-in güc qurğusu ilə bağlı olduğunu açıqlayıb: “Bəli, bu gün mühərrik çox pis idi. Pit stoplar zamanı bəzi mavi bayraq vəziyyətlərində mühərriki boş rejimdə işlətməli oldum. Bundan sonra mühərrik gücü yenidən bərpa etməkdə çətinlik çəkdi və çox vaxt itirdim. Buna görə də nə baş verdiyini təhlil etməliyik.

Yarışdan yarışa irəliləməliyik. Zandfortda olduğu kimi xal qazanmaq imkanımız varsa, bundan istifadə etməliyik.

Bu gün belə mübarizə aparmaq üçün real imkanımız yox idi. Lakin müxtəlif şeylər, fərqli mühərrik sazlamaları və son bir neçə dövrədə fərqli enerji ötürülməsi strategiyaları sınadıq. Öyrənmə prosesini davam etdirmək istəyirdik. Mövsümün qalan hissəsində etməli olduğumuz da budur”.

Alonso yeni trasın ötmə baxımından gözləniləndən fərqli xarakterə sahib olduğunu bildirib. O, FIA ilə müəyyən dəyişikliklərin müzakirə edilə biləcəyini və xüsusilə 15, 16 və 17-ci döngələrdə bəzi düzəlişlərin trasın xarakterini yaxşılaşdıra biləcəyini düşünür: “Yəqin ki, FIA ilə nələr edə biləcəyimizi müzakirə etməliyik. Bəlkə 15, 16 və 17-ci döngələrdə… Orada müəyyən dəyişikliklərin olması yaxşı olardı. Ancaq düşünürəm ki, müəyyən məhdudiyyətlər var. Çünki magistral yolun altından keçirik və ya buna bənzər bir vəziyyət var; orada bir körpü yerləşir.

Yarışın izləmək baxımından əyləncəli olub-olmadığını bilmirəm, amma ötmək çətin deyildi. Buna görə də ərazinin yaratdığı məhdudiyyətlər çərçivəsində bir neçə kiçik dəyişiklik üzərində düşünmək olar”.

Rauf Hacıyev

Şərh əlavə et