Formula 1-də V10, V8 və turbo-hibrid dövrlərinin hər birində yarışmış yeganə pilot olan Fernando Alonso FIA-nın 2030-cu ildən etibarən V8 mühərriklərini idmana qaytarmaq planlarını dəyərləndirib. 2014-cü ildən istifadə edilən hibrid sistemlər 2026-cı il qaydaları ilə daxiliyanma mühərriki və batareya gücü arasında təxminən bərabər bölgüyə keçib. Lakin bu sistemlər yarışın gedişinə təsir göstərdiyi üçün mövsüm ərzində pilotların tənqidinə tuş gəlib.
FIA prezidenti Mohammed Ben Sulayem elektrik komponenti daha kiçik olan V8 mühərrik konsepsiyasını gündəmə gətirdikdən sonra danışan Alonso atmosfer mühərrikləri dövründəki məhdudiyyətsiz resurs istifadəsinin bugünkü dünyaya uyğun olmadığını bildirib.
V10 dövründə bolidləri idarə etməyin çox əyləncəli olduğunu deyən ispaniyalı dünya çempionu düzgün tarazlığın tapılmasının vacibliyini vurğulayıb.
Fernando Alonso: “Düşünürəm ki, artıq dünya dəyişib. Şübhəsiz, V10 dövrünün bolidlərini idarə etmək çox əyləncəli idi. Onlar çox yüngül və çox səsli idilər. Ancaq belə bir texnologiya bəlkə də bugünkü dünyaya uyğun deyil.
Mən karyerama başlayanda şənbə günü sıralanma turundakı 12 dövrə üçün ayrı, bazar günü yarış üçün isə başqa mühərrikdən istifadə edirdik. Bu gün belə bir şey mümkündürmü? Yəqin ki, yox.
Mövcud vəziyyətdən razı qalmalı və dünyaya uyğunlaşmalıyıq. Bəlkə də hibrid sistemlər izləməli olduğumuz ən doğru yoldur.
Sadəcə daxiliyanma mühərriki ilə elektrik hissəsi arasındakı nisbəti düzgün müəyyənləşdirməli və elektrik gücündən nə qədər istifadə etməli olduğumuzu yaxşı anlamalıyıq”.
FIA prezidenti Mohammed Ben Sulayem isə qarşıdakı aylarda komandaların və istehsalçıların dəstəyini qazanaraq 2030-cu il üçün mühərrik qaydalarını dəqiqləşdirməyi hədəfləyir.
Ben Sulayem V8 konsepsiyasının əsas məqsədlərinin xərcləri azaltmaq və trasdakı azarkeşlərin təcrübəsini yaxşılaşdırmaq olduğunu bildirib: “Bu mühərriki hazırlamaqda məqsədlərimiz nədir? İlk növbədə, daha yüngül bolidlər istəyirik. Yeni quruluş sayəsində bolidlərin çəkisi təxminən 80 kiloqram azalacaq.
İkinci məqsədimiz biznes modelini dayanıqlı etməkdir. Tədqiqat və inkişaf, eləcə də mühərrik istehsalı xərclərini ən azı 50 faiz azaltmağı hədəfləyirik.
Üçüncü məqsəd isə azarkeşlərlə bağlıdır. Məqsədimiz sadəcə səs-küy yaratmaq deyil, mühərrikin əsl səsini geri qaytarmaqdır”.




Şərh əlavə et