Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen Ostindən narazıdır

Maks Ferstappen ABŞ Qran Prisi öncəsi Circuit of The Americas trasındakı qabarıqlıqların artıq qəbuledilməz səviyyəyə çatdığını bildirib.

Sinqapurda keçirilən mətbuat konfransında ABŞ Qran Prisi barədə danışan Maks Ferstappen Ostindəki tras şəraitinə zarafatla toxunaraq, yeni onurğaya ehtiyacı olacağını demişdi.

Lakin Ostində media ilə görüş zamanı niderlandlı pilot trasın hazırkı vəziyyəti ilə bağlı narahatlığını açıq şəkildə ifadə edib. Onun fikrincə, asfalt örtüyündəki qabarıqlıqlar artıq dözülməz həddə çatıb.

Maks Ferstappen: “WEC-də gördüklərimə əsasən, trasda həddindən artıq çox qabarıqlıq var idi. Açığı, onurğamı nəzərə alsaq, bu həftəsonunu səbirsizliklə gözləmirəm.

Keçən yarışda bununla bağlı zarafat etmişdim, amma dürüst desəm, bu, o qədər də zarafat deyil. İllərdir bu məsələni gündəmə gətiririk və vəziyyət artıq bir qədər nəzarətdən çıxıb”.

Problemin əsas səbəbi trasın altındakı torpaq qatıdır. Texasın yüksək plastiklik qabiliyyətinə malik gil torpağı üzərində salınan trasda hava şəraitindən asılı olaraq torpaq əhəmiyyətli dərəcədə genişlənib-daralır. Bu da asfalt örtüyündə çoxsaylı qabarıqlıqların yaranmasına səbəb olur. Problem xüsusilə əyləcləmə zonalarında, asfaltın ən böyük yükə məruz qaldığı hissələrdə daha qabarıq görünür.

2026-cı il yarışı öncəsi trasın bəzi hissələri yenidən asfaltlanıb. Bunlara 9-cu və 11-ci döngələr arasındakı hissə də daxildir. Bundan əlavə, 12-ci və 19-cu döngələr arasındakı qabarıqlıqları aradan qaldırmaq üçün təmir işləri aparılıb. İki il əvvəl, 2024-cü il ABŞ Qran Prisi öncəsi isə trasın bütün asfalt örtüyü yenilənmişdi.

Motorsport.com-un problemin həlli üçün daha genişmiqyaslı tədbirlərə ehtiyac olub-olmadığı barədə sualını cavablandıran Ferstappen trasın yerləşdiyi ərazinin təşkilatçılar üçün bəhanəyə çevrilməməli olduğunu vurğulayıb.

Maks Ferstappen: “Vəziyyət çox pisdir. Əlbəttə, problemin torpaqdan qaynaqlandığını deyərək bunu bəhanə kimi istifadə edə bilərsiniz. Ancaq bunu əvvəlcədən bilməli və torpağın daha möhkəm olmasını təmin etməli idiniz.

Mən bu trası, buranı sevirəm. Bura indiyədək layihələndirilmiş ən yaxşı traslardan biridir. Eyni zamanda, ola biləcəyiniz ən yaxşı məkanlardan və ən gözəl şəhərlərdən biridir. Amma mənim fikrimcə, qarşılaşdığımız qabarıqlıqlar qəbuledilməzdir.

Zaman-zaman trasın ayrı-ayrı hissələrində müəyyən düzəlişlər edilib. Ancaq bu, böyük problemin üzərinə sadəcə plastır yapışdırmağa bənzəyir. Əsas problem torpağın altındadır və ilk növbədə bunun həllinə diqqət yetirilməlidir.

Bunun üçün, əlbəttə, trası tamamilə açmaq lazımdır. Bu isə çoxlu pul və vaxt tələb edir. Lakin dürüst desəm, problemi aradan qaldırmağın yeganə yolu budur. Çünki bu qabarıqlıqlar təbii deyil və vəziyyət nəzarətdən çıxıb”.

İlk baxışdan, Formula 1-in əvvəlki illərdə istifadə olunan altlıq effekti prinsipi ilə işləyən bolidlərdən imtina etməsinin Ostindəki qabarıqlıqları daha az problemə çevirməli olduğu düşünülə bilər. Əvvəlki nəsil bolidlər tras səthinə çox yaxın hündürlükdə və sərt asılqan sazlamaları ilə idarə olunurdu.

Lakin Ferstappen Motorsport.com-a açıqlamasında 2026-cı il bolidlərinin vəziyyəti daha da çətinləşdirə biləcəyini deyib.

Maks Ferstappen: “Vəziyyət yəqin ki, daha pisdir, çünki döngələrdə bolidlərimizin klirensi çox aşağı olur. Düzlüklərdə bolid yuxarı qalxır, amma xüsusilə əyləcləmə zamanı bir çox yerdə əvvəlkindən daha çox asfaltın üzərinə çırpılırıq. Qabarıqlıqların əksəriyyəti də düzlüklərdə deyil, əyləcləmə zonalarında və ya döngələrdə yerləşir.

Əyləcləmə zamanı bolidə çox böyük yük düşür. Xüsusilə də belə qeyri-bərabər qabarıqlıqlar olduqda… Bunlar sadəcə asfaltın köhnəlməsi nəticəsində yaranan qabarıqlıqlar deyil, torpağın hərəkəti ilə əlaqədardır. Torpaq daim yuxarı-aşağı hərəkət edir.

Bəzən qarşınıza nəyin çıxacağını bilmək çox çətin olur. İdeal trayektoriyadan bir qədər kənara çıxdıqda, həmin hissədən heç kim keçmədiyi üçün orada vəziyyətin necə olduğunu təxmin edə bilmirsiniz. Buna görə də bu, heç xoş deyil.

Məsələn, keçən il bir döngədə təxminən 5–6G yan yüklənməyə məruz qalırdınız. Amma onurğama təsir edən şaquli yükün 9G-ni keçdiyi zərbələr də almışam. Bunun heç də xoş olmadığını deyə bilərəm. Xüsusilə yaş artdıqca bu barədə daha çox düşünməyə başlayırsınız.

Məncə, insanlar bəzən bunu həqiqətən anlamırlar. Onurğamla bağlı müayinələrdən bilirəm ki, onun aşağı hissəsinin vəziyyəti heç də yaxşı deyil.

Bilirəm ki, bu, yarışın bir hissəsidir və idman müəyyən risklərlə müşayiət olunur. Ancaq bu vəziyyət son bir neçə ildə istifadə etdiyimiz bolidlərin vurduğu əlavə zərərlə də bağlıdır. Əgər belə traslarda sürməyi qəbuledilən hesab etsək, bunun fəsadlarını daha çox görəcəyik.

İnsanlar deyə bilərlər ki, bəzi idman növləri bədənin müəyyən hissələrinə daha çox zərər verir. Əlbəttə, belə idmanlar var. Amma elə buna görə də mən həmin idman növləri ilə məşğul olmuram. Buna görə də bu vəziyyət heç xoş deyil”.

Rauf Hacıyev

Şərh əlavə et