Monakolu pilotla yeddiqat dünya çempionu Lyuis Həmiltonun sürüş üslubları arasındakı fərqlər uzun müddətdir məlumdur.
Həmilton əyləcləmə nöqtələrində gec əyləcləməyi və bolidin arxa hissəsini sabit saxlamağı üstün tutur. Lekler isə döngələrə girişdə daha çox əyləcləyərək bolidin istiqamətini dəyişmək imkanından yararlanır.
Ferrari komandasının rəhbəri Fred Vassyör daha əvvəl bu fərqli yanaşmaların komanda üçün problem yaratmadığını, əksinə, bolidin inkişafı baxımından daha geniş imkanlar açdığını bildirmişdi.
Sürüş üslubları arasındakı texniki fərqlərə baxmayaraq, Lekler komanda yoldaşını yaxından izləməyə davam edir.
Bu mövsüm bir-birlərini daha yaxşı pilot olmağa təşviq edib-etmədikləri barədə suala monakolu sürücü belə cavab verib
Şarl Lekler: 100 faiz. Hər həftəsonu bir-birimizi daha da irəli aparmağa çalışırıq. Bəzi həftəsonları Lyuis inanılmaz dərəcədə sürətli olur və mən ondan çox şey öyrənirəm.
Hətta özüm yaxşı çıxış edəndə belə, sadəcə məlumatlara baxaraq, onun necə işlədiyini və bolidlə necə davrandığını anlamağa çalışaraq Lyuisdən çox şey öyrənirəm. O, bu məsələdə inanılmaz dərəcədə bacarıqlıdır.
Hər həftəsonundan sonra mütləq öyrəniləsi nəsə olur. Qeydlər dəftərimdə çoxlu qeydlər var. Lyuis komandaya qoşulandan bəri, yəqin ki, heç vaxt bu qədər çox qeyd aparmamışam”.
Leklerin açıqlamaları Ferrari-nin bu həftəsonu keçiriləcək ABŞ Qran Prisində SF-26 üçün mövsümün dördüncü və son böyük aerodinamik yeniləməsini tətbiq etməyə hazırlaşdığı vaxta təsadüf edib. Yeniliklərə hava müqavimətini azaltmaq məqsədi daşıyan yeni döşəmə dizaynı da daxildir.
Ferrari pilotu yeniliklərin təsiri ilə bağlı gözləntiləri yüksək tutmamağa çalışıb: “Yeniliklər o qədər də böyük deyil. Onlar haqqında çox şey eşitmişəm, amma deyilənlər qədər genişmiqyaslı deyillər. Əlbəttə, düzgün istiqamətdə atılan kiçik bir addımdır. Onsuz da məqsədimiz həmişə budur.
Lakin əvvəlcə yeni hissələri bolidə quraşdırmalı, sonra ilk üç dövrəni tamamlayaraq gözlədiyimiz irəliləyişin olub-olmadığını yoxlamalıyıq.
Digər komandaların da böyük yeniliklər gətirdiyini eşitmişəm. Buna görə də onlarla müqayisədə hansı vəziyyətdə olduğumuzu görməliyik. Bununla belə, çox böyük fərq yaradacağını gözləmirəm.
Ümid edirəm ki, bu yeniliklər irəliyə doğru kiçik bir addım atmağımıza və yarışı qazanmağımıza kömək edəcək”.




Şərh əlavə et