Xəbəri Kokpitdə Oxuyun!

Həmilton Afrikada yarışmaq üçün karyerasını uzatmaq istəyir

Lyuis Həmilton Formula 1-in Afrikaya qayıtmasından sonra qitədə keçiriləcək yarışda iştirak edə bilmək üçün karyerasını ən azı bu arzusunu gerçəkləşdirənədək davam etdirmək istədiyini bildirib.

Formula 1 ötən həftə Ruandanın 2030-cu illərin əvvəlində təqvimə daxil olması ilə Afrikaya qayıdacağını təsdiqləyib.

Ruanda Qran Prisi ən tez 2030-cu ildə təqvimə daxil olarsa, Lyuis Həmilton həmin vaxt 45 yaşında olacaq və Formula 1-də 24-cü mövsümünə qədəm qoyacaq.

Yeddiqat dünya çempionu bu hədəfinə çatmaqda qərarlı olduğunu və qarşıdakı illərdə yüksək səviyyədə yarışmaq üçün əlindən gələni edəcəyini deyib.

Lyuis Həmilton: “Uzun illərdir Afrikada yarış keçirilməli olduğunu müdafiə edirəm.

Maraqlı tərəflərlə saysız-hesabsız görüşlər keçirmişəm. Stefano ilə Londondakı ofisində və yarış həftəsonlarında dəfələrlə görüşmüşəm, davamlı olaraq telefonla danışmışıq. Nələrin baş verdiyini, hansı istiqamətdə irəlilədiyimizi və kiminlə danışıqlar aparıldığını müzakirə etmişik. Afrikanın müxtəlif ölkələrinin rəhbərləri ilə də çoxsaylı görüşlər və telefon danışıqları aparmışam.

Məncə, Afrika Qran Prisinə layiqdir. Bu, yalnız bir ölkə ilə bağlı deyil, bütöv bir qitədən söhbət gedir. Orada çoxlu gözəl ölkələr, qonaqpərvər insanlar və zəngin mədəniyyətlər var. Bütün bunları dünyaya göstərmək vacibdir və bunu avtoidman vasitəsilə edə bilərik.

Müxtəlif ölkələrə səfər edirik və insanlar əvvəllər haqqında çox az məlumat sahibi olduqları yerləri birdən-birə ekranlarında görürlər. Uşaqlar bunları müzakirə edir, məktəbə gedəndə dostları ilə bölüşürlər. Buna görə də Afrika Qran Prisinin keçirilməsini həqiqətən çox istəyirəm”.

Həmilton qitədəki problemlərin də diqqətdən kənarda qalmamalı olduğunu vurğulayıb. Britaniyalı pilot Afrikanın tarixinin və müstəmləkəçiliyin nəticələrinin daha yaxşı anlaşılmasının vacibliyini qeyd edərək insanları bu mövzuda məlumatlanmağa çağırıb.

Lyuis Həmilton: “Bu gün dünyanın hər yerində problemlər var. Çoxlu xəbərlər görmüşəm, amma düşünürəm ki, bu məsələyə təvazökarlıqla yanaşmalıyıq. Bilmədiyimiz çox şey var.

İngiltərədə böyüyərkən bizə Afrika haqqında demək olar ki, heç nə öyrətmirdilər. Afrika tədris proqramında yer almalıdır. Oradakı bir çox problemin kökündə hələ də müstəmləkəçilik və Qərbin müdaxilələri dayanır.

İnsanlara baxanda görürsünüz ki, bu gün aparıcı brendlərin istifadə etdiyi bir çox dizaynın mənşəyi Afrikadır. Qitə həm də son dərəcə zəngin təbii sərvətlərə malikdir.

Ümid edirəm ki, Afrika bir gün birləşəcək. Birlik olduqları təqdirdə çox güclü olacaqlar. Bunun baş verməsini istəməyən çoxlu insanın olduğunu bilirəm. Buna baxmayaraq, bir gün bunun mümkün olacağına ümidimi qoruyuram.

Afrikaya getmək orada baş verənlərə göz yummaq demək olmamalıdır. Ümid edirəm ki, daha çox insan qitədə bu gün baş verənlər və yüz illər ərzində yaşananlar barədə məlumatlanacaq. İstəyirəm ki, bu səfərlər mühüm müzakirələrə yol açsın.

Sonda isə Konqonun, Sudanın, Suriyanın və Fələstinin azadlığı üçün səy göstərməli olduğumuzu düşünürəm. Ümid edirəm ki, bir gün sülh bərqərar olacaq.

İndi daha uzun müddət yarışmalı olacağam, çünki Afrikada Qran Primiz olacaq. Orada yarışmaq mənim arzum idi. Gələn il də yaxşı nəticələr göstərməyə davam edə bilsəm və fiziki formamı qoruya bilsəm, mübarizəni davam etdirəcəyəm”.

Rauf Hacıyev

Şərh əlavə et