Bu mövsüm qüvvəyə minən yeni texniki qaydalar çərçivəsində tətbiq edilən aktiv aerodinamika pilotlara döngələrdə asfaltayatma qüvvəsini artırmağa, düzlüklərdə isə hava müqavimətini azaltmağa imkan verir. Düzlük Rejimi (SM) aktivləşdirildikdə ön və arxa qanadlar daha az hava müqaviməti yaradan vəziyyətə keçir və bolidin sürətini artırır.
Bu zonaların sayı trasın xüsusiyyətlərindən asılı olaraq dəyişir. Mövsümün açılış yarışı olan Avstraliya Qran Prisində beş zona müəyyənləşdirilmişdisə, dar və döngəli quruluşu ilə tanınan Monakoda Düzlük Modundan ümumiyyətlə istifadə edilməyib.
ABŞ Qran Prisində ev sahibliyi edən, 20 döngədən ibarət Ostin trasında aktiv aerodinamika ilk dəfə tətbiq olunacaq. FIA yarış üçün iki Düzlük Rejimi zonasını təsdiqləyib. Beləliklə, Ostində Yaponiya, Niderland, Madrid və Azərbaycan Qran-prilərində olduğu qədər Düzlük Rejimi zonası olacaq.
Federasiyanın açıqladığı texniki məlumatlara əsasən, birinci zona 20-ci döngədən 120 metr sonra başlayacaq və əsas düzlük boyunca daha 60 metr davam edəcək. İkinci zona isə 11-ci döngənin çıxışından 110 metr sonra başlayacaq və 70 metr uzunluğunda olacaq.
Pilotlara ötmə üstünlüyü qazandırmağa kömək edən Ötmə Rejiminin aktivləşmə nöqtəsi də müəyyənləşdirilib. Zona 20-ci döngədən 30 metr sonra yerləşəcək, sistem isə həmin döngədən 120 metr sonra aktivləşdirilə biləcək.




Şərh əlavə et