Xəbəri Kokpitdə Oxuyun!

Pirelli daha çox yeyilmə gözləyir

Ostində keçiriləcək ABŞ Qran Prisi ardıcıl üç yarışdan ibarət ikinci payız seriyasına start verəcək. Pirelli bu mərhələ üçün 2024-cü ildə Texas trasında istifadə olunan təkər tərkiblərini seçib. Ən sərt tərkib C2, Medium C3, ən yumşaq tərkib isə C4 olacaq.

 

İtaliya şirkəti xatırladıb ki, ötən il Ostində bir növ eksperiment aparılmış və Hard təkərlər üçün ən sərt C1 tərkibindən istifadə edilmişdi. Lakin indi daha ənənəvi seçimə qayıtmaq qərara alınıb. Ötənilki yarışda Hard təkərlərdən demək olar ki, istifadə olunmamışdı. Komandaların böyük əksəriyyəti C3 və C4 tərkiblərini seçərək yarışı bir pit-stopla başa vurmağa üstünlük vermişdi.

Bundan əlavə, 2026-cı ildə həftəsonunun proqramında sprint yarışı olmayacaq. Beləliklə, komandaların optimal sazlamaları seçmək, sıralanma turuna və əsas yarışa hazırlaşmaq üçün üç sərbəst yürüşü olacaq.

Circuit of the Americas (COTA) trasının bir dövrəsi 5,513 kilometr uzunluğundadır. Burada yüksək sürətli döngələr və istiqamətin tez-tez dəyişdiyi hissələr var. Yavaş döngələrdə isə sürətlənmə zamanı arxa təkərlərin yaxşı ilişmə təmin etməsi vacibdir.

Optimal balansı tapmaq üçün komandalar düzlüklərdə yüksək sürət ilə texniki hissələrdə effektiv asfaltayatma qüvvəsi arasında kompromis axtarmalı olacaqlar. Bu baxımdan aerodinamik paket mühüm rol oynayacaq.

Dövrənin birinci sektorundakı yüksək sürətli döngələr ön təkərlərə xüsusilə böyük yük salır. Üçüncü sektorda isə ardıcıl sərt əyləcləmələr və sürətlənmələr səbəbindən əsas yük arxa təkərlərin üzərinə düşür. Bu təkərlər eyni zamanda temperaturla əlaqəli deqradasiyaya da məruz qalır.

COTA-nın asfaltı yüksək abrazivliyi ilə seçilmir. Üstəlik, 9-cu və 11-ci döngələr arasındakı örtük bu il yenilənib. Lakin trasın digər hissələrində asfaltın köhnəlməsi müşahidə olunur. Bu da təkərlərin daha çox yeyilməsinə səbəb ola və yarışın əsas amillərindən birinə çevrilə bilər. Ötən il təkərlərin çox yüksək dərəcədə yeyildiyi hallar qeydə alınmışdı.

Yarış həftəsonunda dəstək seriyaları, o cümlədən bu ildən təkərləri Pirelli tərəfindən təmin edilən Şimali Amerika Porsche Carrera Kubokunun mərhələsi də keçiriləcək. Buna görə tras örtüyünün vəziyyətinin kifayət qədər yaxşı olacağı və yaxşı ilişmə təmin edəcəyi gözlənilir.

Mümkün strategiyaya gəlincə, komandaların ixtiyarında sərt C2 təkərləri olacaq. Bu tərkib uzun stindlər keçirməyə imkan verə bilər və bir pit-stoplu strategiyanı cəlbedici edir.

Bununla belə, oktyabr ayında Texasda hava adətən kifayət qədər isti olur. Belə şəraitdə təkərlərin deqradasiyası arta bilər və komandaları alternativ strategiyalara yönəldə bilər.

Rauf Hacıyev

Şərh əlavə et