Xəbəri Kokpitdə Oxuyun!

FIA F1 bolidlərini 80 kq yüngülləşdirməyi planlaşdırır

2026-cı il mövsümü hələ başa çatmayıb, lakin Formula 1-də artıq V8 mühərriklərinin geri qaytarılması müzakirə olunur. FIA-nın prezidenti Məhəmməd ben Sulayem də bu barədə yaxınlarda növbəti dəfə danışıb. Gələcək dəyişikliklər çərçivəsində bolidlərin çəkisinin əhəmiyyətli dərəcədə azaldılması məsələsi də nəzərdən keçirilir.

 

Hazırda bolidlərin minimum çəkisi 768 kq-dır. Lakin yeni nəsil bolidlərin təxminən 80 kq daha yüngül olması planlaşdırılır. FIA ekspertləri bu hədəfin real olduğunu düşünürlər.

Onların fikrincə, son 20 ildə bolidlərin çəkisi təxminən 200 kq artıb. Bununla belə, təhlükəsizlik standartlarının yüksəldilməsi üçün görülən tədbirlərin payına cəmi 40 kq düşür. Söhbət Halo sistemindən, şassinin yan hissələrinin möhkəmləndirilməsindən və toqquşma zamanı enerjini udan xüsusi konstruktiv elementlərdən gedir.

Bolidlərin çəkisini azaltmaq üçün üç əsas istiqamətdə dəyişikliklər nəzərdə tutulur. Bunlardan biri güc qurğularının yüngülləşdirilməsidir.

 

Nikola Tombazis: “Biz turbokompressorun təzyiqini əhəmiyyətli dərəcədə azaltmaq niyyətindəyik. Bu, mühərrikin daxilindəki təzyiqi aşağı salmağa və turbokompressorun ölçülərini kiçiltməyə imkan verəcək. Həmçinin mühərrikin havaqəbuletmə və buraxılış sistemlərini xeyli sadələşdirməyi planlaşdırırıq. Hazırda bu sistem kollektorların bir-birinə dolaşdığı, spagettiyə bənzəyən çox mürəkkəb quruluşdur.

Buraxılış qazlarının çıxarılması sistemləri də boruların uzunluğu nəzərə alınaraq tənzimlənir. Buna görə də onları qısaltmaq və xeyli sadələşdirmək istəyirik.

Gələcəkdə güc qurğularında batareyalar qalacaq, lakin onların ölçüləri kiçiləcək. Müvafiq olaraq, MGU-K mühərrik-generatoru da daha kiçik olacaq. Ölçüsü azaldıqda onu mühərrikin yan tərəflərindən birində yerləşdirmək mümkün ola bilər. Bu da ümumi konstruksiyanı daha yığcam edəcək.

Şassinin ölçülərinə gəlincə, 2021-ci ildəki ölçülərə qayıtmayacağıq və 13 düymlük təkərlərdən istifadə etmək planımız yoxdur. Bununla belə, bolidlər bir qədər kiçik olacaq”.

Tombazis təkərlər məsələsinə təsadüfən toxunmayıb. 2022-ci ildə 13 düymlük təkərlərdən 18 düymlük təkərlərə keçid bolidlərin çəkisini təkcə bu səbəbdən təxminən 25 kq artırıb.

Çəkini azaltmaq üçün nəzərdə tutulan üçüncü istiqamət isə şassinin konstruksiyası və aerodinamik elementlərlə bağlıdır. Müasir bolidlərdə konstruksiyanı daha möhkəm edən bəzi komponentlərə artıq ehtiyac yoxdur. Bundan əlavə, aerodinamik paketdəki ağır və iri elementlərin bir qismini daha kiçik və yüngül hazırlamaq mümkündür.

Nikola Tombazis: “Təkcə çəkini azaltmaq hesabına dövrə vaxtlarını təxminən 2,5 saniyə yaxşılaşdıra bilərik. Bu isə aerodinamik elementlərin ölçülərini və asfaltayatma qüvvəsini azaltmağa imkan verəcək. Nəticədə təkərlər daha effektiv işləyəcək.

Bütün bu tədbirləri həyata keçirsək, bolidlərin çəkisini 700 kq-dan da aşağı sala bilərik. Bununla belə, müzakirələr zamanı bəzi sahələrdə müəyyən mənfi cəhətlərin ortaya çıxa biləcəyini anlayırıq. Deməli, müəyyən kompromislərə getməli olacağıq”.

Tombazis onu da vurğulayıb ki, daha az qənaətcil V8 mühərriklərinə keçid planlaşdırılsa da, yarışlar zamanı yanacaq doldurulmasının geri qaytarılması məsələsi artıq gündəmdə deyil. Bunun səbəbi təkcə təhlükəsizlik riskləri və xərclərin artması deyil. Komandalar da yanacaq doldurulmasına qəti şəkildə qarşı çıxırlar və bunun yarışların tamaşa baxımından cəlbediciliyini azaltdığını düşünürlər.

Bu mövzuya toxunan Tombazis deyib: “Biz müxtəlif variantları müzakirə edirik. Hələ yekun qərar verilməsə də, turbokompressorlardan tamamilə imtina etmək istəmirik. Mühərriklərin effektiv qalmasını istəyirik. Daxiliyanma mühərriklərinin gücü artırılarsa, yanacaq sərfiyyatı da yüksələcək. Lakin bu artım çox böyük olmayacaq.

Hesab edirik ki, digər tədbirlər hesabına əldə ediləcək qənaət yanacaq sərfiyyatındakı artımı tamamilə kompensasiya edəcək. Bolidlərə, ehtimal ki, 20, bəlkə də 25 kq daha çox yanacaq lazım olacaq. Ancaq yarışın startında bolidlər, məsələn, 80 kq daha yüngül olsa, bu, indiki vəziyyətdən xeyli yaxşıdır”.

FIA yeni texniki reqlamentə keçidlə bağlı komandalar, avtomobil istehsalçıları və pilotlarla məsləhətləşmələri davam etdirir. Yeni qaydaların ən gec 2031-ci ildə qüvvəyə minməsi nəzərdə tutulur.

Bu mövsümün əsas dərslərindən biri mövcud reqlamentin həddindən artıq mürəkkəb olmasıdır. Bunun səbəblərindən biri qaydaların hazırlanmasında avtomobil istehsalçılarına həddindən artıq böyük rol verilməsi idi. Bununla belə, çempionat iştirakçılarının fikirlərini nəzərə almamaq mümkün deyil.

Məhəmməd Ben Sulayem: “Onlar həmişə nədənsə narazı qalacaqlar, amma yenə də onları dinləmək vacibdir. Onları sadəcə görməzdən gəlib ‘Xeyr, sizi dinləmirik, nə alırsınızsa, onunla kifayətlənməli olacaqsınız’ deyə bilmərik”.

O, pilotların fikirlərini nəzərə almağın daha da vacib olduğunu vurğulayıb: “Çünki bolidləri məhz onlar idarə edəcəklər”.

FIA prezidenti ümid edir ki, bütün komandaların və güc qurğusu istehsalçılarının fikirləri öyrənildikdən sonra yeni reqlamentin əsas konturları bir neçə ay ərzində müəyyənləşəcək. Ben Sulayem yeni qaydaların hətta 2030-cu ildə tətbiq oluna biləcəyini də düşünür.

Rauf Hacıyev

Şərh əlavə et