Xəbəri Kokpitdə Oxuyun!

ABŞ Qran Prisinin ilk sərbəst yürüşündə Lekler sürətli olub

ABŞ Qran Prisi həftəsonunun ilk sərbəst yürüşündə ən yaxşı nəticəni Ferrari pilotu Şarl Lekler göstərib. Monakolu sürücü 1:36.052 saniyəlik dövrə ilə sessiyanın zirvəsində qərarlaşıb.

COTA trasında günəşli hava şəraitində başlayan sessiyada pilotlar pit yolundan trasa çıxıblar.

Ferrari və McLaren pilotları Medium tərkibli təkərlərə üstünlük verdikləri halda, Mercedes və Red Bull sürücüləri sərt təkərlərlə trasa çıxıblar.

Maks Ferstappen sessiyaya 1:39.431 saniyəlik dövrə ilə başlayıb. Lekler isə 1:39.152 nəticə göstərərək ondan daha sürətli olub. Corc Rassell 1:39.301 saniyə ilə Ferstappeni qabaqlasa da, Leklerin nəticəsini üstələyə bilməyib. Sessiyanın ilk dəqiqələrində dövrə vaxtları yaxşılaşmağa davam edib.

Ferstappen komanda ilə radio əlaqəsi zamanı sükanı sola çevirdikdə bolidin qəribə reaksiya verdiyini bildirib.

Lando Norris 1:38.715 saniyəlik dövrə ilə liderliyə yüksəlib. Lakin Lekler 1:37.430 nəticə ilə ona cavab verib. Sessiyanın ilk rübü geridə qaldıqda Leklerin komanda yoldaşı Lyuis Həmilton 1:37.235 saniyəlik dövrə vuraraq zirvəyə yüksəlib. Kimi Antonelli isə 1:39-luq nəticələrlə kifayətlənərək beşinci yerdə qərarlaşıb.

İlk 20 dəqiqə geridə qaldıqda Lekler 1:36.761 saniyəlik dövrə ilə liderliyi ələ keçirib.

Norris ilk iki sektorda ən sürətli nəticələri göstərsə də, son sektorda ciddi vaxt itirib və Ferrari pilotlarının arxasında, üçüncü yerdə qalıb.

ABŞ Qran Prisində riyazi baxımdan çempionluğunu təmin etmək şansı olan Antonelli nəticəsini 1:38-lərədək yaxşılaşdırsa da, mövqeyini yüksəldə bilməyib.

Rassell bolidinin ön qanadının lazımi performansı göstərmədiyini və yüksək sürətli döngələrdə balans problemi yaşadığını bildirib.

Norris ilk sektorda yenidən ən sürətli nəticəyə imza atıb. Lakin 1:37.184 saniyəlik dövrəsi onun üçüncü pillədən yuxarı qalxmasına kifayət etməyib.

Lider Lekler nəticəsini 1:36.769 saniyəyədək yaxşılaşdıraraq əvvəlki dövrəsindən 0,008 saniyə sürətli olub. Həmilton isə 1:36.835 saniyə ilə ikinci yerdə qərarlaşıb.

Antonelli də sürətini artırıb. İtaliyalı pilot Norrisdən cəmi 0,001 saniyə geri qalaraq 1:37.185 saniyəlik dövrə vurub və dördüncü pilləyə yüksəlib.

Sessiyanın 25-ci dəqiqəsində ilk onluqdakı bütün pilotlar sazlamaları optimallaşdırmaq və məlumatları təhlil etmək üçün qaraja qayıdıblar.

Qısa fasilədən sonra pilotlar yenidən trasa çıxıb, dövrə vaxtları yaxşılaşmağa davam edib. Ön sıralarda mübarizə aparan komandaların hamısı Soft təkərlərə keçiblər.

Lekler 1:36.052 saniyəlik dövrə ilə öz nəticəsini daha da yaxşılaşdırıb. Maks Ferstappen isə 1:35.860 saniyə ilə liderliyə yüksəlib. Lakin 19-cu döngədə tras limitlərini pozduğu üçün onun nəticəsi ləğv edilib. Dövrələrini tamamlayan hər iki pilot daha sonra boksa qayıdıb.

Sessiyanın son on dəqiqəsinə yaxın Fernando Alonso 1:37.688 saniyəlik nəticə ilə 12-ci, komanda yoldaşı Ləns Stroll isə 1:37.783 saniyə ilə 13-cü yerdə qərarlaşıb.

Son dəqiqələrdə komandalar uzun məsafəli yürüşlərə fokuslanıblar. Lekler orta, Ferstappen, Antonelli, Həmilton və Norris yumşaq, Rassell isə sərt təkərlərlə trasa çıxıb.

Niko Hülkenberq bolidinin sürətlər qutusunda və ya güc qurğusunda problem ola biləcəyini bildirərək qaraja qayıdıb.

Damalı bayrağın dalğalanması ilə Ostində ilk sərbəst yürüş başa çatıb. Ən sürətli nəticə 1:36.052 saniyə ilə Şarl Leklerə məxsus olub. Ferstappen ondan 0,084 saniyə geri qalaraq ikinci, Norris isə 0,245 saniyə fərqlə üçüncü yeri tutub.

Rauf Hacıyev

Şərh əlavə et