Çərşənbə axşamı Formula 1-in 1993-cü ildən bəri ilk dəfə Afrika qitəsində yarış keçirəcəyi elan olunub.
Ruandada inşa ediləcək yeni trasda təşkil olunacaq yarış Afrika Qran Prisi adı ilə təqvimə daxil ediləcək. Onillik müqavilə çərçivəsində yarışın 2030-cu illərin əvvəlində keçirilməyə başlaması planlaşdırılır.
Ruandanın paytaxtı Kiqalidə dövlət başçısı Paul Kagame və Formula 1-in prezidenti Stefano Domenicali ilə birlikdə yarışın elan olunduğu tədbirdə çıxış edən Mohammed Ben Sulayem V8 mühərriklərinə qayıdış planının 2030-cu ildə reallaşacağını bildirib.
Formula 1-in 2014-cü ildən istifadə etdiyi turbo-hibrid mühərriklərdən imtina edərək, V8 qurğularına qayıtması uzun müddətdir müzakirə olunur. Lakin dəyişikliyin hansı mövsümdə baş verəcəyi indiyədək dəqiqləşdirilməmişdi.
2030 və 2031-ci illər V8 mühərriklərinin geri dönüşü üçün mümkün tarixlər kimi nəzərdən keçirilirdi. Müzakirələrin əsas mövzularından biri isə 2026-cı ildə qüvvəyə minən yeni güc qurğusu qaydalarının yaratdığı problemlərdir. Yeni reqlamentə əsasən, daxiliyanma mühərriki ilə elektrik sisteminin ümumi güc istehsalındakı payı 50:50 nisbətində müəyyən edilib.
Ben Sulayem V8 mühərriklərinin 2030-cu ildə geri qayıdacağını və Ruandanın da Formula 1 təqviminə qoşulduğu zaman bu mühərriklərdən istifadə edəcəyini təsdiqləyib.
FIA prezidenti Kaqame və Domenikali ilə birlikdə iştirak etdiyi paneldə belə danışıb: “2030-cu ilin gözəl tərəfi yeni V8 mühərrikinin təqdim olunmasıdır. Beləliklə, Ruanda tarixindəki ilk yarışda bu mühərrikdən istifadə ediləcək.
Bu mühərriki hazırlayarkən qarşımıza qoyduğumuz məqsədləri nəzərdən keçirsək, ilk hədəfimiz daha yüngül bolidlərdir. Bolidlərin çəkisi təxminən 80 kiloqram azalacaq. Hərçənd, bəlkə də bunu hazırda mətbuata deməməli idim!
İkinci məqsəd isə xərclərin davamlı şəkildə azaldılmasıdır. Tədqiqat və inkişaf, eləcə də mühərrik xərcləri ən azı 50 faiz azalacaq.
Üçüncü məsələ azarkeşlərdir. Burada söhbət sadəcə səsin yüksəkliyindən deyil, mühərrikin öz səsindən gedir. Bunun üçün 2031-ci ilə qədər gözləməyə ehtiyac yoxdur. Hər şey FIA-dan asılıdır”.




Şərh əlavə et