Bəhreyn Qran Prisində qızdırma dövrəsi zamanı bir neçə bolidin trasın ortasında yavaşlaması və ya dayanması səbəbindən yarışın start proseduru dayandırılıb. Bolidlər pitə qayıdıb və təxminən 20 dəqiqəlik gözləmədən sonra yarış yenidən başlayıb.
Yaşanan xaosla bağlı sualları cavablandıran Tombazis problemin həddindən artıq aşağı sürətdə aktivləşən proqram təminatı xətasından qaynaqlandığını bildirib. O, texniki heyətin təcili yeniləmə hazırlayaraq yarışı xilas etdiyini deyib.
Nikolas Tombazis hadisə ilə bağlı deyib: “Proqram təminatındakı xətalar həmişə hadisənin mürəkkəbliyindən qaynaqlanmır. Bəzən sadə bir diqqətsizlik də buna səbəb ola bilər.
Bu il yaş trasda çox az sürüş olduğu üçün proqram təminatını istədiyimiz qədər geniş şəkildə sınaqdan keçirə bilmədik. Qızdırma dövrəsində öndəki bolidlərin yavaşlaması ilə akkordeon effekti yarandı və bəzi bolidlər demək olar ki, tam dayanma nöqtəsinə çatdı.
Bu vəziyyət proqram təminatındakı xətanın aktivləşməsinə, bolidlərin batareyasının sıradan çıxmasına və təxminən 20 km/saat sürətlə kilidlənməsinə səbəb oldu.
Gözləyən azarkeşlər üçün təxirə salınan 20 dəqiqə beş saat kimi hiss olunmuş ola bilər. Buna görə üzr istəyirik. Lakin komandamız problemi çox sürətlə müəyyənləşdirdi və zaman təzyiqi altında bolidlərə yüklənməsi üçün yeni proqram yeniləməsi hazırladı.
Təhlükəsizlikdən və idman bərabərliyindən güzəştə getmədən bu böhranı həll etməyi bacardıq”.
Sözügedən müştərək proqram təminatının yalnız FIA-ya deyil, bütün komandalara aid olduğunu bildirən Tombazis sözlərinə belə davam edib: “Bir məsələni də dəqiqləşdirmək istəyirəm. Bu proqram təminatı FIA, standart ECU təchizatçısı, bütün komandalar və güc qurğusu istehsalçılarının əməkdaşlığı ilə hazırlanıb. O, standart kodun bir hissəsidir və üç-dörd ildir inkişaf etdirilir.
Bu müddət ərzində heç kim məhz bu problemi əvvəlcədən görə bilmədi. Xətanı müəyyənləşdirmək və daha yaxşı sınaqlar keçirmək bizim məsuliyyətimizdir. Növbəti dəfə mütləq daha diqqətli olmalıyıq.
2026-cı il bolidlərində elektrik enerjisi ilə daxiliyanma mühərrikinin birlikdə işləməsi kifayət qədər mürəkkəb sistem yaradıb.
Bu xüsusi xətanın təkrarlanmayacağına zəmanət verə bilərəm. Lakin gələcəkdə oxşar vəziyyətlərin qarşısını almaq üçün ətraflı təhlillərimizi davam etdirəcəyik”.




Şərh əlavə et