Monakolu sürücü İspaniya Qran Prisini 48 dövrə ərzində Hard təkərlərlə mübarizə apararaq başa vurub və yarışın böyük hissəsində arxasındakı rəqibləri nəzarətdə saxlayıb. Ferrari pilotu finiş xəttini dördüncü pillədə keçib.
Şarl Lekler Hard təkərlərlə güclü tempə sahib olduğunu, lakin yarış zamanı hansı mövqelər uğrunda mübarizə apardığını hər zaman dəqiq bilmədiyini deyib.
Bazar günü keçirilən yarışdan sonra danışan Lekler bildirib: “Yarış ərzində Brayanla çox danışmadıq. Çünki belə bir trasda mümkün qədər az ünsiyyət qurmaq istəyirdim. Amma bir məqamda nə uğrunda mübarizə apardığımızı dəqiq anlamaq üçün vəziyyəti soruşdum. Çünki bolidin içində bunu həqiqətən bilmirdim.
Günün sonunda Hard təkərlərlə tempimizin kifayət qədər güclü olduğunu düşünürəm. Son hissədə Soft təkərlərlə başqa səbəblərdən tam gücümlə mübarizə apara bilmədim. Amma Hard təkərlərlə keçirdiyim hissə yaxşı idi”.
Leklerin fikrincə, Ferrari-nin əsas problemi yarış tempindən çox sıralanma turlundakı performans olub: “Son nəticədə əvəzini ödədiyimiz məqam sıralanma tempimizdir. Çünki yarışa daha geridən başlayanda mövqe qazanmaq çox çətin olur.
Həqiqətən digərlərindən daha pis olduğumuzu düşünmürəm. Sadəcə, ümumilikdə bolidimizin sıralanma turlarında yarışdakı qədər güclü olmadığını düşünürəm.
Yanacaq az olanda xüsusilə McLaren çox, çox güclü idi. Biz bu baxımdan bir qədər yanlış tərəfdə qaldıq. Buna görə də yəqin ki, bu həftəsonu bunun əvəzini ödədik. Ona görə də şənbə günü bir qədər daha çox performans qazanmaq üçün edə biləcəyimiz hər şey yarış nəticəmiz baxımından çox faydalı olacaq”.
Ferrari-nin yarış strategiyasını da dəyərləndirən Lekler fərqli variantların mümkün olduğunu, lakin seçdikləri strategiyanın doğru qərar olduğunu bildirib: “Yenidən yarışmalı olsaydım, yenə tam olaraq eyni strategiyanı seçərdim. Startda Soft təkərlərlə başlamaq mənə xüsusi bir üstünlük yaratmazdı. Öndəki sürücülərlə eyni strategiyaya düşərdim və ötmələrin olmadığı yarışda bunun elə də faydası olmazdı.
Hard-Soft təkər strategiyası düzgün seçim idi. Son hissədə təhlükəsizlik avtomobilinin çıxmasını gözləmək də doğru qərar idi. Təəssüf ki, bu baş vermədi”.




Şərh əlavə et