Xəbəri Kokpitdə Oxuyun!

Lekler F1-in əncelbədici idmançısıdır

SportsPro-nun 2026-cı il üçün hazırladığı sponsorlar baxımından ən dəyərli idmançılar siyahısında Şarl Lekler doqquzuncu yeri tutub. Ferrari pilotu Formula 1 təmsilçiləri arasında birinci olub. Lyuis Həmilton 22-ci, Maks Ferstappen isə 48-ci pillədə qərarlaşıb.

Formula 1 pilotlarının trasdan kənardakı marka dəyəri diqqət çəkməyə davam edir. SportsPro-nun idmançıların sponsorlar üçün cəlbediciliyini qiymətləndirdiyi 2026-cı il siyahısında Şarl Lekler dünya üzrə doqquzuncu yerdə qərarlaşıb.

2010-cu ildən bəri hazırlanan araşdırmada idmançıların şəxsiyyəti, istedadı, xarizması, nüfuzu, hədəf auditoriyası və təmsil etdikləri idman növünün populyarlığı kimi bir çox meyar nəzərə alınır. Məqsəd idmançıların istehlakçıların alış qərarlarına təsirini və markalarla nə dərəcədə uyğunlaşdığını ölçməkdir.

Lekler 100 mümkün baldan 71,12 bal toplayaraq ilk onluğa daxil olub və Formula 1 pilotları arasında ən yüksək nəticəni göstərib.

Həmilton və Ferstappendən öndə

Formula 1-in ən tanınmış simalarından Lyuis Həmilton siyahıda 66,63 balla 22-ci yeri tutub. Maks Ferstappen isə 60,45 balla 48-ci olub.

Avtoidmanı təmsil edən digər idmançılar arasında Corc Rassell 55-ci, Oskar Piastri 56-cı, Lando Norris 78-ci, Pyer Qasli isə 91-ci pillədə qərarlaşıb.

MotoGP ulduzlarından Mark Markes 54 balla 88-ci yerdə yer alıb. Bu il Formula 1 çempionluğuna çox yaxın olan Kimi Antonelli isə 50,11 balla 126-cı olub.

Araşdırma 2025-ci ilin iyulundan 2026-cı ilin iyununa qədər olan dövrü əhatə edir.

Leklerin marka dəyəri niyə bu qədər yüksəkdir?

Leklerin siyahıdakı uğurunda şəxsi imici və güclü sponsorluq tərəfdaşlıqları mühüm rol oynayır.

Araşdırmaya töhfə verən North Star platformasının prezidenti Kris Kollins monakolu pilotun marka dəyərinə diqqət çəkib. O, Leklerin idman dünyasının ən güclü şəxsi brendlərindən birinə sahib olduğunu bildirib.

Blackbook Motorsport-un məlumatına görə, Lekler 2025-ci ildə maaşı, bonusları və sponsorluq müqavilələri daxil olmaqla təxminən 50 milyon dollar gəlir əldə edib. Monakolu pilotun kommersiya tərəfdaşları arasında Richard Mille, VistaJet, APM Monaco, Eight Sleep, Chivas Regal və L’Oréal yer alır.

Siyahının zirvəsində kimlər var?

Leklerin doqquzuncu yerdə qərarlaşdığı siyahıya tennisçi Arina Sabalenka başçılıq edir. Sərbəst xizək idmançısı Eylin Qu ikinci, basketbolçu Yannis Adetokunbo isə üçüncü yeri tutub.

İlk onluğa həmçinin futbolçu Erlinq Holann, tennisçilər Karlos Alkaras və Aleksandr Zverev, fiqurlu konkisürən Alisa Liu, basketbolçu Viktor Vembanyama və gənc basketbolçu AJ Dibantsa daxil olub.

Leklerin doqquzuncu yerdə qərarlaşması onun kommersiya baxımından Formula 1-in ən cəlbedici simalarından biri olduğunu göstərir. Bununla belə, bu sıralama trasdakı nəticələri deyil, idmançıların markalar üçün cəlbediciliyini və kommersiya potensialını qiymətləndirir.

Rauf Hacıyev

Şərh əlavə et