Xəbəri Kokpitdə Oxuyun!

Təqvim 2027-ci ildə genişlənərkən F1 sprint xalları sistemini yenidən nəzərdən keçirməyə çağırılıb

Təqvim 2027-ci ildə genişlənərkən F1 sprint xalları sistemini yenidən nəzərdən keçirməyə çağırılıb

Uill Bakston çempionatın 2027-ci ildə 10 sprint həftəsonuna qədər genişlənməsi fonunda Formula 1-in sprint xalları sistemində dəyişikliklər etməyə çağırıb.

Uill Bakston çempionatın 2027-ci ildə 10 sprint həftəsonuna qədər genişlənməsi fonunda Formula 1-in sprint xalları sistemində dəyişikliklər etməyə çağırıb.

Aparıcı Uill Bakstonun fikrincə, Formula 1 genişlənən sprint təqviminə uyğunlaşmaq üçün sprint yarışlarında xal sistemini əsaslı şəkildə dəyişdirməli və aerodinamik sınaq məhdudiyyətlərini yenidən qiymətləndirməlidir.

2027-ci il F1 təqviminə Bəhreyn, Avstraliya, Yaponiya, Kanada, Monako, Britaniya, İtaliya, Braziliya, Qətər və Əbu-Dabidə keçiriləcək 10 sprint yarışı həftəsonu daxildir.

“Up To Speed” podkastında çıxış edən Bakston şənbə günü keçirilən 100 km-lik yarışlarda daha çox xal verilməli olduğunu bildirib. Hazırda sprint yarışında ilk səkkiz yeri tutan sürücülərə xal verilir: qalib səkkiz, ikinci yeri tutan sürücü yeddi, üçüncü yeri tutan sürücü altı xal qazanır və bu qayda ilə davam edir.

Uill Bakston: “Daha çox xal qazanmaq lazımdır. Xal verilən yerlərin sayı artırılmalıdır. Onlar sprintlərlə əsas yarış arasında xal strukturunu yenidən bölüşdürməlidirlər”.

“Həmçinin unutmayın ki, bu iştirakçılar arasında Fernando [Alonso] istisna olmaqla, hər bir sürücü aşağı seriyalardan, bir həftəsonunda iki yarışın keçirildiyi və indi Formula 2 adlanan GP2-dən keçib. Yəni onların buna öyrəşmədiyini demək olmaz”.

Bakston yarışların sayının artması fonunda büdcə limiti ilə bağlı narahatlığını da dilə gətirib.

Britaniyalı motor idmanı jurnalisti Uill Bakston “F1 The Movie” filminin dünya premyerasında

Foto: Getty Images

Uill Bakston: “İnkişafla bağlı qeyd etdiyiniz məqama gəlincə, bu, büdcə limiti şəraitində komandaların il ərzində xərclərini necə bölüşdürdüklərini yenidən nəzərdən keçirməsinə səbəb ola bilər.

“Hazırda da olduğu kimi, işlərin böyük əksəriyyəti, hətta daha çox hissəsi CFD və külək tuneli vasitəsilə aparılan tədqiqat və inkişafa yönələcək. Təbii ki, əvvəlki çempionat mövsümünü hansı mövqedə başa vurmağınızdan asılı olaraq bununla bağlı məhdudiyyətləriniz var.

“Buna görə də CFD-yə bir qədər çox vaxt, külək tunelindəki işlərə də bir qədər artıq vaxt ayırmağa imkan yaratmaq üçün sistemdə müəyyən dəyişikliklərə ehtiyac ola bilər. Çünki inkişaf işləri sonda məhz orada aparılacaq”.

Podkastın digər aparıcısı, W Series-in keçmiş sürücüsü və Sky Sports-un analitiki Naomi Şiff əlavə edib:

Naomi Şiff: “Unutmayın ki, altı debütant sessiyasını da keçirməliyik. Bunu da yaddan çıxarmayaq. Hər komanda altı sessiyanı debütant sürücüyə ayırmalıdır”.

Gilənur Hüseynova

Şərh əlavə et