Kokpit.az xatırladır ki, Jul Byanki 2014-cü ilin Yaponiya Qran Prisində qəza etmiş və ağır yaralar almışdı. O, bu hadisədən 10 ay sonra xəstəxanada dünyasını dəyişmişdi.
Jul sağlığında Leklerə çox kömək etmişdi. Onların ailələri də yaxın münasibətdədirlər. Düzdür, Jul Yaponiyada qəza edəndə oktyabr ayı idi, amma builki Yaponiya Qran Prisi apreldə olsa da, bu qəzanın 10-cu ildönümü kimi qeyd olunacaq.
Lekler Yaponiyada Byankinin 2014-cü ildəki dəbilqəsinə bənzər dəbilqə ilə yarışacaq. Dəbilqənin üzərində FİA tərəfindən əbədiləşdirilən Byankinin 17 nömrəsi də olacaq.
Şarl Lekler: “Əlbəttə, bura xüsusi trasdır və bura gələndə həmişə ağlımda Jul olur. Sözün açığı, onu tez-tez düşünürəm və o, Formula 1-ə gəlməyimdə mənə çox kömək etmişdi. 2010-cu ildə menecerim Nikolya Totd ilə danışmış və Formula 1-də yarışmağım üçün ondan dəstək istəmişdi. Karyeramı dəyişdirən Jul olmuşdu. Ondan əvvəl də çox yaxın idik və ailələrimizin hələ də münasibəti var.
Buna görə də Yaponiya trası mənim üçün xüsusidir. Bu həftəsonu onun üçün dizayn edilmiş dəbilqəm olacaq və həmişə olduğu kimi Jul mənim qəlbimdədir və bu həftəsonu mənim üçün önəmlidir”.
Peletonda olan hər iki fransız sürücü – Esteban Okon və Pyer Qasli – Jul Byankinin xatirəsini yad ediblər. Esteban Okon bildirib ki, Jul potensial Dünya Çempionu idi: “Həmin gün çox faciəvi idi. Julun başına gələnlər hamımızı məyus etmişdi. Jul bizim üçün Fransa avtoidmanının ümidi idi. O, gənc sürücü idi və uğurlar qazanacaqdı. Böyük ehtimalla çempionluq əldə edəcəkdi. Onun gələcəyini belə görürdük. İndi isə onu burada yad etmək çox məyusedicidir. Amma yarışmağa davam etməliyik. O da belə edərdi və biz də edəcəyik”.
Pyer Qasli: “Qətiliklə deyirəm ki, Jul həmişəki kimi xatırlanacaq. Sözün açığı, həm sürücü kimi, həm də insan kimi çox nəzakətli idi. Əksər sürücülər üçün nümunə idi. Xüsusən də Fransada…
Fransa komandasında olarkən Antuan Yuber, Esteban Okon və digər gənc sürücülərlə ona qibtə ilə baxırdıq. Çünki hamı düşünürdü ki, o Ferrari komandasına transfer olunacaq.
O hadisəni xatırlamaq çox məyusedicidir. Formula 1-də və kənarda böyük iz qoydu. Mən də onu həmişə xatırlayacağam”.
Şərh əlavə et