Aston Martin Ədrian Nyui və Red Bull-un keçmiş mühərrik təchizatçısı Honda-nın komandaya qoşulması ilə 2026-cı il mövsümünə böyük gözləntilərlə başlayıb.
Lakin Silverstounda yerləşən komanda indiyə qədər cəmi 3 xal toplaya bilib. Buna baxmayaraq, Aston Martin son aylarda ümidverici irəliləyiş əldə edib. Komanda iyul ayında keçirilən Macarıstan Qran Prisində bolidə yeniləmə gətirib.
Bundan sonra Niderland Qran Prisində Honda tərəfindən hazırlanan mühərrik yeniləməsi istifadəyə verilib və Fernando Alonso doqquzuncu yeri tutaraq komandanın mövsümdəki ən yaxşı nəticəsini əldə edib.
2025-ci ildə Ferrari-nin texniki rəhbəri vəzifəsində çalışdıqdan sonra Silverstoun komandasına qoşulan Enriko Kardile Aston Martin-in rəsmi saytına verdiyi müsahibədə 2027-ci ildə istifadə ediləcək AMR27 haqqında ilk detalları açıqlayıb.
Bolidin 2027-ci ildə necə inkişaf etdiriləcəyi barədə suala cavab verən Enriko Kardile belə deyib: “Hər bir detal yeni olacaq. Hər şey təkmilləşdiriləcək. Lakin konsepsiya baxımından bu, cari bolidlə başladığımız istiqamətin inkişaf etdirilmiş versiyası olacaq.
Hazırda doğru yoldayıq, amma bu istiqamətdən asılı vəziyyətdə deyilik. Belə ifadə edək: 2027-ci il layihəsinə başlayarkən əvvəlki boliddən hər hansı bir detalı saxlamaq məcburiyyətində qalmaqla bağlı özümüzə heç bir məhdudiyyət qoymamışıq.
Bu mənada tamamilə yeni bolid olacaq. Bu da istədiyimiz hədəflərə çatmaq üçün bizə azadlıq və düzgün düşüncə tərzi verəcək”.
Kardile Aston Martin-in mövsümün qalan hissəsində əsas məqsədinin 2027-ci il şassisi ilə bağlı qərarları formalaşdırmaq üçün mümkün qədər çox məlumat toplamaq olduğunu da bildirib.
2026-cı ili mövsüm başa çatdıqdan sonra necə qiymətləndirəcəyi soruşulan Kardile belə cavab verib: “Düşünürəm ki, yalnız 2027-ci il haqqında danışmaq istəyəcəyəm. Hazırda vəzifəmiz 2026-cı ildən mümkün qədər çox məlumat əldə etməkdir. Çünki bütün bunlar 2027-ci il layihəsinə istiqamət verəcək.
Bundan sonra hər sahədə gündəlik mübarizə aparılacaq: daha çox asfaltayatma tapmaq, çəkini azaltmaq, mühəndislik qrupuna aerodinamik boruda işləmək üçün daha çox vaxt qazandırmaq, konsepsiyaları yenidən qiymətləndirmək və detalları təkmilləşdirmək.
İlin sonuna çatdıqda söhbətlərimizin böyük hissəsinin nə öyrəndiyimiz və bunun 2027-ci il bolidini necə formalaşdırdığı barədə olacağını gözləyirəm”.
2027-ci il qaydaları və Adrian Nyuının açıqlamaları
2027-ci il mövsümündə texniki reqlamentdə bəzi dəyişikliklər ediləcək. Formula 1 mövcud qaydalardakı daxiliyanma mühərriki ilə elektrik gücü arasındakı 50:50 nisbətindən uzaqlaşacaq. Şassi qaydalarında da bir sıra kiçik dəyişikliklər olacaq.
Ədrian Nyui 2027-ci il dəyişiklikləri ilə bağlı bunları deyib: “2027-ci il üçün ən nəzərəçarpacaq dəyişikliklər güc qurğusu tərəfində olacaq.
5 faiz daha çox yanacaq, enerjinin saxlanması və istifadəsi ilə bağlı bəzi qaydalar, eləcə də bir neçə kiçik dəyişiklik olacaq.
Şassi tərəfindəki dəyişikliklər daha azdır, lakin yenə də əhəmiyyətlidir. Ən böyük dəyişiklik altlığın ön hissəsində olacaq. Ön kənar təxminən 300 millimetr geriyə çəkilib. Bu isə bolidin ön hissəsini daha aşağı səviyyədə istifadə etməyə imkan verir. Nəticədə fərqli aerodinamik xüsusiyyətlər ortaya çıxır.
Bundan əlavə, asfaltaytma qüvvəsini azaltmaq üçün daha dayaz arxa qanad olacaq. Altlığın ön hissəsində bəzi dəyişikliklər ediləcək. Komandaların qazburaxma sistemi və arxa qanad ətrafında istifadə etdiyi müxtəlif həllər də aradan qaldırılacaq.
Bizim üçün ən vacib dəyişiklik altlığın ön hissəsindəki yenilikdir. Bu, hamının həll etməli olacağı fərqli aerodinamik problem yaradır.
Son 12 ay ərzində komanda olaraq sürətlə inkişaf etməli olduğumuz üçün reqlamentdəki dəyişikliklərdən yararlana biləcək daha yaxşı vəziyyətdəyik.
Artıq daha yetkin təşkilatıq. Bu da gələcəkdə bizi nələrin gözlədiyi ilə bağlı kifayət qədər nikbin olmağımı təmin edir”.




Şərh əlavə et