Xəbəri Kokpitdə Oxuyun!

Mercedes yeniliyin vaxtını açıqlayıb

Mercedes-in baş tras mühəndisi Endryu Şovlin uzun müddətdir gözlənilən genişmiqyaslı yeniləmənin Malayziya Qran Prisinə gətiriləcəyini açıqlayıb. Almaniya komandası bu addımla sıralanma turlarında poul mövqeyi uğrunda mübarizəyə qayıtmağı hədəfləyir.

2026-cı il mövsümündə ilk dörd komanda arasında yer alan Mercedes Avropa yarışlarına əhəmiyyətli yeniləmə gətirməyən yeganə komanda olub.

Alman istehsalçının bolidə tətbiq etdiyi son böyük yeniləmə may ayında keçirilən Kanada Qran Prisində istifadə olunub.

Mövsümün ilk altı yarışının hamısında qələbə qazanan Mercedes son səkkiz yarışda isə cəmi dörd dəfə finiş xəttini birinci keçə bilib. McLaren və Ferrari təqdim etdikləri genişmiqyaslı yeniləmələr sayəsində Mercedes ilə aralarındakı fərqi azaltmağı bacarıb.

Mercedes bu həftə keçiriləcək Azərbaycan Qran Prisindən sonra, 2–4 oktyabr tarixlərində baş tutacaq Malayziya Qran Prisinə böyük yeniləmə gətirməyə hazırlaşır.

Komanda son dörd yarışın sıralanma turlarında poul mövqeyini əldə edə bilməyib.

Mercedes-in baş tras mühəndisi Endryu Şovlin bildirib ki, Azərbaycan Qran Prisində böyük yeniləmə təqdim etməyəcəklər. Bununla belə, Bakı trasının bolidin xarakterinə uyğun ola biləcəyini düşünür: “Bakıya çoxlu yenilik gətirmirik. Bu tras asfaltayatmadan daha çox hava müqaviməti ilə bağlıdır.

Buna görə də bolid Monzada yaxşı idi və ümid edirəm ki, Bakıda da yaxşı işləyəcək. Lakin yüksək düzlük sürətinə sahib olmaq lazımdır.

Bakıda tələb olunan başqa məqamlar da var. Küçə trasının xarakteri, demək olar ki, Monakonu xatırladan şəkildə dörd təkəri də asfalt üzərində saxlamaq və aşağı sürətli döngələrin öhdəsindən gəlmək kimi amillər vacibdir.

Yeniləmələrə gəlincə, onlar Malayziyadan etibarən gələcək. Ümid edirəm ki, nəzərəçarpacaq addım atacağıq.

Aramızdakı fərqin çox böyük olacağını düşünmürəm. Ancaq ümid edirəm ki, yenidən sıralanma turlarında poul mövqeyi uğrunda mübarizə apara biləcəyimiz vəziyyətə gələcəyik”.

Mercedes mövsümün ilk 10 yarışında poul mövqeyini əldə edib. Lakin Andrea Kimi Antonellinin Belçika Qran Prisində qazandığı poul mövqeyindən sonra komanda sıralanma turlarında ən sürətli bolidə sahib ola bilməyib.

McLaren pilotu Lando Norris son dörd yarışdakı poul mövqelərinin üçünü əldə edib. Alpine pilotu Pyer Qasli isə Monzada karyerasının ilk poul mövqeyini qazanıb.

Şovlin Mercedes-in mövsümün ilk hissəsindəki rəqabətədavamlı vəziyyətinin artıq geridə qaldığını bildirib: “Mövsümün əvvəlində düşünürdük ki, həqiqətən yaxşı iş görsək, poul mövqeyini qazana biləcək bolidimiz var və qələbə uğrunda mübarizə aparırdıq. Hər yarışda boliddən maksimum performans almağa fokuslanırıq. Qalib gəlsək, bu, əla olar”.

Rauf Hacıyev

Şərh əlavə et