Xəbəri Kokpitdə Oxuyun!

ADUO nəticələrinə görə Red Bull Ford yenə də üstündür

FIA Formula 1 güc qurğuları ilə bağlı aparılan ADUO qiymətləndirməsinin son nəticələrini açıqlayıb. Nəticələrə əsasən, Red Bull-Ford hələ də pelotonun ən güclü mühərrikinə sahib komanda hesab olunur.

Mövsümün ilk yarışı olan Avstraliya Qran Prisindən Macarıstan Qran Prisinə qədər keçirilən bütün yarışları əhatə edən FIA təhlilinə görə, Red Bull-Fordun daxiliyanma mühərriki Formula 1-də ən yüksək gücə malik güc qurğularından biridir.

Təhlilin nəticələrinə əsasən, Mercedes güc baxımından 2-4 faiz geridədir. Audi, Ferrari və Honda isə 4 faizdən çox fərqlə geri qalır. Qeyd edək ki, Honda-nın Niderland Qran Prisində təqdim etdiyi yeni güc qurğusu bu qiymətləndirməyə daxil edilməyib.

Mövsümün ilk rübündən sonra Mercedes 2026 və 2027-ci illər üçün bir əlavə homologasiya hüququ əldə etmişdi. Audi, Ferrari və Honda isə həm bu il, həm də gələn il üçün iki əlavə homologasiya hüququ qazanmışdı. Bu hüquqlar əlavə büdcə limiti payı və dinamometr sınaqlarının artırılmasını nəzərdə tutur. Lakin FIA bu dəfəki qiymətləndirmənin nəticələrinə əsasən heç bir istehsalçıya əlavə homologasiya hüququ verməyib.

FIA-nın Təkoturacaqlı Yarışlar üzrə direktoru Nikolas Tombazis ADUO qiymətləndirmə prosesi barədə danışarkən bildirib: “FIA olaraq ADUO qiymətləndirmə prosesinin bir hissəsi kimi hərtərəfli və ətraflı təhlil apardıq. İkinci mərhələnin nəticələrinə əsasən, əldə olunan məlumatların keyfiyyətinə söykənərək təhlillərin son dərəcə etibarlı və yüksək dəqiqliyə malik olduğuna əminik. İstehsalçıların əqli mülkiyyət hüquqlarına və məxfilik prinsiplərinə hörmət etməliyik. ADUO sisteminin ilk ili olduğu üçün zaman keçdikcə bütün güc qurğusu istehsalçıları ilə müzakirələr apararaq təkmilləşdirə biləcəyimiz sahələr olacaq”.

ADUO sistemi hibrid güc qurğularında performansın yalnız daxiliyanma mühərrikinin gücü ilə müəyyən edildiyi üçün tənqid olunur. Peletonda yayılan fikirlərə, eləcə də Mercedes komandasının rəhbəri Toto Volfun açıqlamalarına əsasən, əslində ən güclü güc qurğusunun Mercedes-də olduğu iddia edilir.

Red Bull isə mövcud nəticələrdən narazıdır. Avstriya komandası Kanada Qran Prisindən sonra nəticələrin yenidən araşdırılmasını tələb etsə də, müraciəti rədd edilmişdi.

Belçika Qran Prisindən sonra Red Bull komandasının rəhbəri Loran Mekis vəziyyəti belə qiymətləndirmişdi: “Toto haqlıdır. Mən də ən güclü güc qurğusunun onlarda olduğunu düşünürəm. Düzlüklərdə onların çox açıq üstünlüyü var və bu, yalnız bu həftəsonuna xas deyil. Əksər yarışlarda düzlüklərdə üstün tərəf onlardır. Macarıstandan sonra ikinci mərhələdə vəziyyətin necə dəyişəcəyini görəcəyik”.

Buna baxmayaraq, FIA-nın son məlumatlarında Red Bull-Ford-un yenə də zirvədə qərarlaşması ADUO sisteminin qarşıdakı həftəsonu keçiriləcək İtaliya Qran Prisində paddokun ən çox müzakirə olunan mövzularından birinə çevriləcəyini göstərir.

Rauf Hacıyev

Şərh əlavə et