GPblog-un məlumatına görə, ikiqat Dünya Çempionu Formula 1-dəki gələcəyi ilə bağlı qərarını artıq verib. Alonso daha əvvəl yay fasiləsindən istifadə edərək karyerasının davam edib-etməyəcəyinə qərar verəcəyini açıqlamışdı. Zandfortda jurnalistlərin suallarını cavablandırarkən isə konkret açıqlama verməkdən yayınmışdı.
Bununla belə, GPblog-un əldə etdiyi məlumata əsasən, ispaniyalı pilotun Aston Martinlə daha birillik müqaviləyə razılıq verdiyi bildirilir. Müqavilənin rəsmi açıqlanmasının qarşıdakı həftələrdə Madriddə keçiriləcək İspaniya Qran Prisi həftəsonunda baş tutacağı gözlənilir.
Veteran pilot hazırkı nəsil Formula 1 avtomobillərini idarə etməkdən əvvəlki qədər zövq almadığını etiraf etsə də, Niderland Qran Prisində yenilənmiş Aston Martinlə 9-cu olaraq xal qazanması onun əhvalını yüksəldib.
İngiltərə komandasının orta qrupda daha stabil şəkildə xal uğrunda mübarizə aparmağa başlaması Alonsonun da daha nikbin olması üçün əsas yarada bilər.
45 yaşlı pilot 2026-cı ilin sonunda Formula 1-dən ayrılmasının onun karyerasının sonu olacağını yaxşı anlayır. Belə bir ssenaridə Alonso dünya çempionluğu və ya Qran Pridə qələbə uğrunda mübarizə aparmaq şansını da tamamilə itirmiş olacaq.
GPblog-dan Ludo van Denderenin yazısında Alonsonun əfsanəvi dizayner Adrian Nyui və Honda-nın 2027-ci ildən Aston Martinlə birlikdə əldə edə biləcəyi uğurun bir hissəsi olmaq istədiyi də qeyd edilir.
Karyerası ərzində ayrıldığı komandaların qısa müddət sonra yüksəlişə keçməsi ilə tanınan Alonsonun bu dəfə Aston Martin-in potensialını özü ilə birlikdə reallaşdırmaq istədiyi vurğulanır.
Aston Martin tərəfi isə Nyui və Honda əməkdaşlığının gec-tez uğur gətirəcəyinə inanır. Gözlənilən nəticələrin əldə olunması bir qədər vaxt aparsa da, hər şey planlaşdırıldığı kimi getsə, 2027-ci ildə Alonso üçün yenidən podium uğrunda mübarizənin qapıları aça bilər.




Şərh əlavə et