Xəbəri Kokpitdə Oxuyun!

McLaren və Red Bull Apellyasiyaya müraciət edirlər

McLaren və Red Bull komandaları Pyer Qaslinin Monako Qran Prisində aldığı cəzaların ləğv edilərək podiumunun geri qaytarılması ilə bağlı komissarların qərarına qarşı bu gün FIA Beynəlxalq Apellyasiya Məhkəməsində müdafiələrini təqdim edəcəklər.

Fransalı sürücü iyun ayında keçirilən Monako Qran Prisində pit yolunun sürət limitini aşdığı üçün cəzalandırılan pilotlardan biri olub. McLaren pilotu Oskar Piastri, Mercedes-dən Corc Rassell və Ferrari-dən Lyuis Həmilton da oxşar qayda pozuntularına görə cəza alıblar. Qasli isə iki ayrı pozuntuya görə iki 5 saniyəlik zaman cəzasına məruz qalıb.

Alpine komandasının pilotu yarışı tras üzərində üçüncü yerdə başa vurub. Lakin iki cəzanı da yarış zamanı çəkmədiyi üçün ümumilikdə 10 saniyəlik cəza onun yarış vaxtına əlavə edilib və standart prosedur tətbiq olunub. Nəticədə müvəqqəti təsnifatda yeddinci yerə geriləyən Qaslinin qarşısındakı pilotların hər biri bir pillə yüksəlib. Red Bull pilotu Ayzek Hacar da bu şəkildə üçüncü yerə yüksələrək podiuma çıxıb.

Alpine qısa müddət sonra Qasliyə verilən cəzalarla bağlı yenidən baxılma hüququndan istifadə etmək niyyətində olduğunu açıqlayıb. Aparılan araşdırma zamanı rəsmi vaxt stüardının pit yolunun məsafəsini müəyyənləşdirərkən səhvə yol verdiyi müəyyənləşdirilib.

Alpine yenidən baxılma müraciətinin ilk mərhələsini keçdikdən sonra məsələ komissarların qərarlarını yenidən nəzərdən keçirməsinə qədər gedib. Komissarlar heyəti sonda Qasliyə verilən iki 5 saniyəlik cəzanı ləğv edib və bununla da fransalı pilot üçüncü yerinə qaytarılıb.

Lakin yarış zamanı Piastri 5 saniyəlik cəzasını pitdə dayanaraq çəkib. Bu cəza olmasaydı, Piastri Qaslinin önündə, tras üzərində üçüncü yerdə yarışı başa vuracaqdı. Mercedes pilotu Corc Rassell isə 5 saniyəlik sürət cəzasını düzgün çəkmədiyi üçün pitdən keçmə cəzası alıb və bu cəzanı tətbiq etdikdən sonra nəticələrdə 12-ci yerə geriləyib.

Kritik məqam isə McLaren və Mercedes-in müvafiq olaraq Piastri və Rassellə verilən cəzaları apellyasiyaya çıxara bilməməsi olub. Çünki bu cəzalar yarış başa çatmadan əvvəl artıq tətbiq edilmişdi.

F1 qaydalarında əvvəllər tətbiq edilmiş cəzanın nəticələrinin komissarlar tərəfindən sonradan ləğv edilməsinə imkan verən hər hansı mexanizm mövcud deyil. Alpine isə Qaslinin iki 5 saniyəlik cəzasını hələ çəkməməsi sayəsində onların ləğvinə nail ola bilib. Qaslinin cəzaları çəkmək üçün pitə girməsi planlaşdırılmırdı; bunun əvəzinə ümumilikdə 10 saniyənin ənənəvi prosedura uyğun olaraq yarış vaxtına əlavə edilməsi nəzərdə tutulurdu.

Mercedes məsələ ilə bağlı daha irəli getməməyi seçsə də, McLaren və Red Bull apellyasiya şikayəti vermək qərarına gəlib.

Hər iki komanda Monako Qran Prisinə dair 99 nömrəli sənədin 1 və 2 nömrəli qərarları ilə bağlı apellyasiya müraciəti etmək niyyətində olduğunu FIA-ya bildirib.

FIA Beynəlxalq Apellyasiya Məhkəməsi iki komandanın etirazını bu gün Parisdə dinləyəcək.

İctimaiyyətə və media nümayəndələrinə qapalı keçiriləcək iclasın yerli vaxtla saat 09:00-da başlaması planlaşdırılır.

Rauf Hacıyev

Şərh əlavə et