Xəbəri Kokpitdə Oxuyun!

Mövsümə son start: Mübarizə yenidən başlayır

Yay fasiləsi bitdi. Formula 1 yenidən qayıdır və bu dəfə Zandfortun qum təpələri arasında bizi sadəcə Niderland Qran Prisi yox, 2026-cı il çempionatının ikinci və daha həlledici hissəsi gözləyir. İlk 11 yarış artıq arxada qalıb, qarşıda isə daha 11 Qran Pri var.

Kimi Antonelli 219 xalla liderdir, Lyuis Həmilton 169 xalla ikinci, Corc Rassell isə 160 xalla üçüncü, Şarl Lekler 138 xalla dördüncü, Lando Norris 128 xalla beşinci, Maks Ferstappen isə 109 xalla altıncı pillədədir. Yəni Antonellinin 50 xallıq üstünlüyü ilk baxışda kifayət qədər ciddi görünür, lakin Formula 1-də mövsümün ikinci yarısına 50 xal fərqlə başlamaq hələ çempionluq kubokunu sifariş etmək demək deyil.

Əksinə, indi əsas sual başlayır: Mercedes-in ilk yarıdakı üstünlüyü davam edəcəkmi? Antonelli altı qələbə ilə mövsümün əsas favoritinə çevrilib, Mercedes isə 11 yarışın səkkizində qalib gəlib. Üstəlik, komanda bu il sıralanma turlarında da son dərəcə güclü olub. Ancaq mövsümün ikinci yarısında rəqiblərin cavabı daha ciddi olacaq. Ferrari Həmiltonla fərqi azaltmağa çalışacaq, McLaren son yarışda Macarıstanda Lando Norris ilə qalib gələrək fasiləyə yaxşı əhval-ruhiyyədə gedib və Red Bull isə nəhayət Ferstappenlə yenidən qələbə uğrunda mübarizəyə qayıtmaq istəyir.

Ferstappen vətənindəki yarışda geridönüş etmək istəyir

Ferstappenin vəziyyəti isə ayrıca hekayədir. Niderlandlı pilot bu mövsüm hələ qələbə qazanmayıb və lider Antonellidən 110 xal geridədir. Üstəlik, bu həftəsonu onun ev yarışının Formula 1 təqvimində sonuncu dəfə keçirilməsi də Zandfortu onun üçün daha xüsusi edir. Ferstappen burada 2021-ci ildən bəri üç dəfə qalib gəlib və bu həftəsonu qələbə qazansa, Cim Klarkın Niderland Qran Prisindəki dörd qələbəlik rekorduna çatacaq. Bir sözlə, Ferstappen üçün Zandfort həm emosional, həm də çempionat baxımından “indi, ya heç vaxt” yarışlarından birinə çevrilib.

Aston Martin üçün ümid yarışı

Amma Zandfortda bütün diqqəti yalnız çempionluq mübarizəsinə yönəltmək də düzgün olmaz. Çünki bu həftəsonunun ən maraqlı texniki hekayələrindən biri Aston Martin olacaq.

Ədrian Nyuinin rəhbərliyi ilə yenidən qurulan Aston Martin mövsümün ilk yarısında gözləntilərin çox gerisində qaldı. Komanda Macarıstan Qran Prisində isə vəziyyəti dəyişmək üçün böyük addım atdı və AMR26-ya düz 16 yenilik gətirdi. Yeni burun, tamamilə yeni altlıq, dəyişdirilmiş saydpod girişləri, mühərrik qapağı və arxa hissədəki müxtəlif dəyişikliklər avtomobilin aerodinamik konsepsiyasını inkişaf etdirmək üçün hazırlanmışdı. Aston Martin bununla kiçik addımlarla deyil, demək olar ki, yeni bir baza qurmaqla mövsümün ikinci yarısına hazırlaşdı.

Lakin Macarıstan nəticələri göstərdi ki, bu yeniliklərin təkbaşına möcüzə yaratması mümkün deyil. Alonso yarışı 14-cü,  Stroll isə 13-cü pillədə başa vurdu. Bununla belə, Aston Martin-in əsas məqsədi bir yarışda nəticə qazanmaq yox, avtomobilin potensialını artırmaq idi. İndi isə həmin paketin üzərinə Honda-nın yeni güc qurğusu əlavə olunur və  məhz buna görə Zandfort Aston Martin üçün mövsümün ən vacib yarışlarından birinə çevrilib.

Honda bu həftəsonu 2026-cı il üçün hazırladığı yeni Spec 2 güc qurğusunu ilk dəfə rəsmi yarış şəraitində Aston Martin-in AMR26 avtomobilinə quraşdıracaq. Yapon istehsalçısı yenilikdə əsas diqqəti daxiliyanma mühərrikinin performansına yönəldib. Yanmanın sürətləndirilməsi üçün ön kamera və porşen formasında dəyişikliklər edilib, yağlama sistemində isə sürtünməni azaltmağa yönəlmiş yeniliklər tətbiq olunub. Honda konkret güc artımını açıqlamır, lakin mühəndislər daxildə qarşılarına qoyduqları hədəfə çatdıqlarını bildirirlər.

Bu, Aston Martin üçün xüsusilə vacibdir. Çünki 2026-cı ilin ilk yarısında komandanın ən böyük problemlərindən biri Honda mühərrikinin rəqabət qabiliyyəti olub. İndi isə Nyuinin hazırladığı şassiyə daha güclü və səmərəli Honda güc qurğusu əlavə edilir. Aston Martin-in Macarıstandakı aerodinamik yenilikləri ilə Honda-nın Zandfortdakı mühərrik yeniliyinin bir-birini tamamlaması komandanın ikinci yarıdakı real potensialını müəyyənləşdirə bilər. Honda da yeni Spec 2-ni məhz Zandfortu mühüm mərhələ hesab etdiyi üçün burada debüt etdirir.

Bəs Aston Martin bu həftəsonu xal qazana bilərmi? Əlbəttə, amma bunu podium namizədi kimi təqdim etmək hələ tezdir. Komandanın Macarıstandakı yeniliklərdən sonra orta qrupda bir qədər irəli getməsi ümidvericidir, Honda mühərrikinin əlavə performansı isə Alonso və Strolla xüsusilə sıralanma və yarışın düzlüklərində kömək edə bilər. Digər tərəfdən, Zandfortun dar və yüksək sürətli quruluşu, ötmənin çətin olması və bu həftəsonunun Sprint formatında keçirilməsi Aston Martin-in işini asanlaşdırmır. Yeni mühərriki düzgün qiymətləndirmək üçün cəmi bir sərbəst yürüşün olması da əlavə problemdir.

Mənim fikrimcə, Aston Martin üçün əsas hədəf bu həftəsonu möcüzə yaratmaq yox, hər iki avtomobillə xal zonasına real şəkildə yaxınlaşmaq olmalıdır. Əgər Alonso və Stroll yarış tempində ilk onluğun içində qala bilsələr, bu, komandanın Macarıstandakı yeniliklərinin və Honda Spec 2-nin birlikdə işləməyə başladığını göstərən kifayət qədər ciddi siqnal olacaq. Xüsusilə Alonso üçün belə bir nəticə mövsümün ilk yarısının bütün məyusluğundan sonra nəfəs almaq imkanı verə bilər. Çünki ispaniyalı pilotun 2026-cı ildə cəmi bir xalı var və Aston Martin-in ikinci yarıya nə qədər ciddi dəyişikliklərlə başladığını nəzərə alsaq, bu vəziyyət komanda üçün artıq qəbuledilməz həddə çatıb.

McLaren yüksəlişini davam etdirməyi hədəfləyir

Amma Zandfortun öz tarixçəsi bizə başqa bir hekayə də danışır. Son iki ildə bu trasın sahibi McLaren olub. 2024-cü ildə Lando Norris, 2025-ci ildə isə Oscar Piastri burada qalib gəliblər. McLaren üçün Zandfort artıq sadəcə uyğun tras deyil, ardıcıl iki qələbənin gəldiyi xüsusi məkandır. Komandanın öz statistikası da maraqlıdır: McLaren Zandfortda ümumilikdə beş dəfə qalib gəlib və bu qələbələrin hamısını fərqli pilotlar qazanıb.

Bu il isə McLaren Zandforta əvvəlkindən fərqli vəziyyətdə gəlir. İlk yarıda gözlənilən qədər dominant ola bilməyən komanda Macarıstanda Norris ilə nəhayət 2026-cı ildə ilk Qran Pri qələbəsini qazandı. Üstəlik, Zandfort üçün yeni yeniliklər də hazırlanıb. Yəni McLaren son iki ilin uğurunu sadəcə statistikaya buraxmaq fikrində deyil. Komanda ikinci yarının ilk yarışına əlavə performans paketi ilə gəlir və rəqiblərin də yeniliklər gətirəcəyini nəzərə alaraq mübarizəni yenidən öz xeyrinə çevirmək istəyir.

Burada Lando Norrisin şansı xüsusilə maraqlıdır. O, 2024-cü ildə Zandfortda qalib gəlib və bu il Macarıstanda aldığı qələbə ilə yay fasiləsinə yaxşı formada yollanıb. Oskar Piastri isə ötən ilin qalibidir. Deməli, McLaren-in hər iki pilotunun bu trasda qalib gəlmək təcrübəsi var. Əgər MCL26-nın Zandfort üçün gətirilən yenilikləri də düzgün işləsə, McLaren-in ardıcıl üçüncü qələbəyə namizəd olması heç də sürpriz sayılmayacaq.

Həmilton üçün iki məqsəd var

Həmilton üçün isə Zandfort həm şəxsi statistikasını dəyişmək, həm də çempionluq iddiasını qorumaq baxımından çox vacibdir.

Brtitaniyalı pilot üçün Zandfortun başqa bir xüsusi mənası var. Yeddiqat Dünya Çempionu indiyə kimi 40 trasda yarışıb və bunların 32-də qalib gəlib. Zandfortda qazana bilmədiyi 8 trasdan biridir.  İndi isə Zandfort təqvimdən çıxmazdan əvvəl sonuncu dəfə keçiriləcək və bu, Həmilton üçün həmin statistikanı dəyişmək baxımından son şansdır. Üstəlik, çempionatda Kimi Antonellidən 50 xal geri qalan Ferrari pilotu üçün məsələ yalnız şəxsi rekorddan ibarət deyil. Mövsümün ikinci yarısına çempionluq iddiasını qoruyaraq başlayan əfsanəvi pilot Zandfortda qələbə qazanmaqla həm fərqi azaltmaq, həm də Ferrari ilə titul mübarizəsində hələ sözünün bitmədiyini göstərmək istəyəcək. Bəlkə də Zandfortun Həmilton üçün ən maraqlı tərəfi məhz budur: bu, həm qazana bilmədiyi trasla son görüş, həm də 2026-cı il çempionluğu uğrunda mübarizədə geri dönüş üçün son böyük imkanlardan biridir.

Əslində, Zandfortun maraqlı tərəfi də budur: bir tərəfdə çempionat lideri Mercedes, digər tərəfdə son iki yarışın qalibi McLaren, arxa planda isə evində son dəfə yarışacaq Ferstappen və “yenidən doğulmaq” istəyən Aston Martin var. Bir yarışın içində bu qədər müxtəlif hekayə toplamaq asan deyil.

Sprint yeni çağırış təqdim edir

Üstəlik, bu dəfə yarışın Sprint formatında keçirilməsi bütün bu hekayələri daha da qarışdıra bilər. Komandaların cümə günü yalnız bir sərbəst yürüşü olacaq. Deməli, Aston Martin Honda-nın yeni mühərrikini tam öyrənməyə, McLaren yeni paketini yoxlamağa, Mercedes isə liderliyini qoruyacaq sazlanmanı tapmağa çox az vaxt tapacaq.

Və bütün bunların ortasında Kimi Antonelli dayanır. İtaliyalı pilot mövsümün ilk yarısında artıq özünü çempionluğun əsas namizədi kimi göstərib. İndi isə Formula 1-in ən çətin hissəsi başlayır. Lider olmaq böyük şeydir, liderliyi qorumaq tamam başqa. Həmilton 50 xal geridədir, Rassell isə cəmi 59 xal fərqlə üçüncüdür. Norris və Leller də mübarizədən tamamilə qopmayıblar. Ferstappenin işi isə daha çətin olsa da, qarşıda hələ kifayət qədər yarış var.

Buna görə Zandfortda əsas sual yalnız “kim qalib gələcək?” olmayacaq. Əsas sual “kim ikinci yarıya daha yaxşı başlayacaq?” olacaq.

Mercedes ilk yarıdakı üstünlüyünü qoruyacaq, yoxsa McLaren Macarıstandan başlayan yüksəlişini davam etdirəcək? Ferstappen evində mövsümün ilk qələbəsini götürərək çempionluq mübarizəsinə yenidən qayıtmaq üçün siqnal verəcəkmi? Aston Martin-in Macarıstanda gətirdiyi 16 yenilik Honda-nın yeni Spec 2 mühərriki ilə birlikdə işləyib Fernando Alonso və Ləns Strolla xal gətirə biləcəkmi?

Cavabların hamısı bu həftəsonu Zandfortda veriləcək.

Bir şey isə artıq dəqiqdir: Formula 1-in yay tətili başa çatıb və ikinci yarı əvvəlkindən daha maraqlı başlayır. Çünki indi komandalar sadəcə yarışmırlar. Kimi çempionluq uğrunda mübarizə aparır, kimi mövsümünü xilas etməyə çalışır, kimi son iki ilin Zandfort hegemonluğunu davam etdirmək istəyir, kimi isə nəhayət “biz də buradayıq” demək üçün doğru anı gözləyir.

Və bütün bu hekayələrin ilk cavabı bazar günü Zandfortun narıncı tribunaları qarşısında gələcək.

Rauf Hacıyev

Şərh əlavə et