Xəbəri Kokpitdə Oxuyun!

“Loudon olmasa, Cadillac olmazdı”

Sabiq Formula 1 aparıcısı Vill Bukston Cadillac komandasının rəhbəri vəzifəsindən qəfil ayrılan Qrem Loudonu yüksək qiymətləndirib. O, buldirib ki, Loudonun töhfələri olmasa, Cadillac-ın bu gün Formula 1-də yer alması mümkün olmayacaqdı

Cadillac yay fasiləsi zamanı komanda rəhbəri Qrem Loudonun vəzifəsindən ayrılacağını və onun yerinə Renault-nun sabiq icraçı direktoru və FIA texniki direktoru Marçin Budkovskinin gətiriləcəyini açıqlayıb.

Vill Bukston sabiq F1 pilotu Devid Kulthard və Sky Sports analitiki Naomi Şiff ilə birlikdə iştirak etdiyi Up To Speed podkastında bu dəyişiklik barədə danışıb.

Vill Bukston: “Düşünürəm ki, Qreymi ilkin mərhələdə komanda rəhbəri təyin etmələrinin səbəbi onun bu sahədə təcrübəsinin olması idi. Manor və ya Marussia dövründən – necə adlandırmaq istəyirsinizsə – bu işlə bağlı böyük təcrübəsi var idi.

Yəni o, bir komandanı sıfırdan qurmaq üçün nələrin tələb olunduğunu bilirdi. Bunu da möhtəşəm şəkildə həyata keçirdi. Qrem Loudonun təcrübəsi və gördüyü işlər, komandanı qurması və doğru insanları vəzifələrə gətirməsi olmasaydı, Cadillac-ın bu gün Formula 1-də olmayacağını söyləmək heç də yanlış olmaz.

Lakin o, qısa müddət əvvəl özü də etiraf etmişdi ki, ixtisas sahəsinin kifayət qədər dar çərçivədə olduğunu düşünür. Bunun komandanın onunla apardığı müzakirələrin nəticəsi olub-olmadığını, yoxsa onun komanda ilə söhbətinin nəticəsi olduğunu bilmirəm. Lakin uzunmüddətli perspektivdə komanda üçün doğru seçim olmayacağını özünün də anladığı açıq idi”.

Cadillac-ın baş icraçı direktoru Den Touris qərarın qarşılıqlı razılaşma əsasında qəbul edilmədiyini və Loudona vəzifəsindən ayrılacağı barədə məlumatın açıqlamadan cəmi bir neçə saat əvvəl verildiyini təsdiqləyib.

Keçmiş F1 televiziya aparıcısı dəyişiklik vaxtı ilə bağlı sözlərini belə davam etdirib: “Bu, Qremin pis iş gördüyü anlamına gəlmir. Lakin artıq vəzifəni qəbul edib komandanı növbəti mərhələyə keçirə biləcək birinə ehtiyacları var idi.

Hamımız Formula 1-də istiqaməti dəyişməyin nə qədər uzun çəkdiyini bilirik. Birini nə qədər tez vəzifəyə gətirsəniz, prosesə cəlb olunan hər kəs üçün bir o qədər yaxşı olar. Çünki 2027, 2028 və sonrakı illərdə baş verəcək inkişaflara daha çox təsir imkanınız yaranır.

Mümkün qədər rəqabətədavamlı olmaq və doğru insanları mümkün qədər tez vəzifələrə gətirmək istəyirsinizsə, bu məsələdə bəlkə də nəzakətə o qədər də yer yoxdur”.

Rauf Hacıyev

Şərh əlavə et