Xəbəri Kokpitdə Oxuyun!

M.Brandl: Gözlərim dolur

Sabiq Formula 1 pilotu və təcrübəli şərhçi Martin Brandl yeni nəsil avtomobillərin Formula 1-ə təsirini qiymətləndirərkən, vəziyyətin onu məyus etdiyini və gözlərinin dolduğunu bildirib.

2026-cı il mövsümündən etibarən qüvvəyə minən yeni mühərrik və şassi qaydaları pilotların və azarkeşlərin reaksiyasına səbəb olmaqda davam edir. Daha kiçik, daha yüngül və aktiv aerodinamik sistemlərə sahib avtomobillərdə gücün yarısı elektrik mühərrikindən əldə olunur. Pilotların düzlüklərin sonunda batareyanı doldurmaq üçün qazdan ayaqlarını çəkməli olması isə tənqidlərin əsas mövzularından birinə çevrilib.

Dördqat dünya çempionu Maks Ferstappenin “steroid vurulmuş Formula E avtomobilləri” adlandırdığı bu vəziyyət son yarışlarda Silverstoun və Spa-Franşorkam kimi əfsanəvi traslarda onboard görüntülərində də açıq şəkildə özünü göstərib.

Sky Sports yayımı zamanı danışan Martin Brandl vəziyyətin məyusedici tərəfinə diqqət çəkib: “Düzünü desəm, bütün komandaların və pilotların bu qaydaları tam şəkildə anlamaqda çətinlik çəkdiyini düşünürəm. Etiraf etməliyəm ki, bir qədər gözlərim dolur. Çünki Silverstoundakı o möhtəşəm döngələri itirmişik və indi Spa-da da eyni mənzərə ilə qarşılaşırıq.

Yeni qaydalar yüksək sürətli traslarda Formula 1-ə zərər vurur. 2027 və 2028-ci illər üçün müəyyən addımlar atılır, amma bu qayda konsepsiyasından 2030 və ya 2031-ci ildəki yeni mühərrik dövründə tamamilə xilas olmalıyıq”.

Yeni avtomobillərin mürəkkəb quruluşuna və əfsanəvi döngələrdə sürətin azalmasına baxmayaraq, trasdakı təkər-təkərə mübarizənin hələ də vizual baxımdan təsirli olduğunu vurğulayan Brandl sözlərini belə davam etdirib: “Bütün bunlara baxmayaraq, hazırda əlimizdə olan avtomobillər bunlardır.

Cümə günləri trasın kənarına çıxanda avtomobillərin hələ də nə qədər sürətli göründüyünə təəccüblənirəm. Yan-yana gəldikdə, hücum etdikdə və bir-birlərini sıxışdırdıqda onları izləmək həqiqətən çox zövqlüdür. Bununla belə, komandalar və təşkilat hazırkı mürəkkəb vəziyyətin öhdəsindən gəlməlidir. Çünki həll edilməli çoxlu məqam var”.

Rauf Hacıyev

Şərh əlavə et