Xəbəri Kokpitdə Oxuyun!

MotoGP Britaniya: Əsas məşqlərdə Bezzekki liderdir

MotoGP üzrə Britaniya Qran Prisinin əsas məşq sessiyasında ən sürətli nəticəni Marko Bezzekki göstərib. İtaliyalı sürücü son dəqiqələrdə zirvəyə yüksələrək sessiyanı lider tamamlayıb.

Silverstounda əsas məşq sessiyası öncəsi hava 23°C, asfaltın temperaturu isə 46°C olub. Start siqnalının verilməsi ilə sürücülər pit yolundan trasa çıxıblar və bir saatlıq məşq sessiyası başlayıb.

İlk məşqdə trasla tanış olan və motosikletlərinin sazlamalarını optimallaşdıran sürücülər əsas məşqdə daha yüksək temp nümayiş etdiriblər.

Sessiyanın ilk dəqiqələrində Aleks Markes 1:58.201-lik nəticə göstərərək ilkin referansı müəyyənləşdirib. Marko Bezzekki isə orta və son sektorlardakı güclü tempi sayəsində Aleks Markesdən cüzi fərqlə geri qalaraq ikinci pillədə qərarlaşıb.

Bir qədər sonra sürücülərin hamısı boksa qayıdıb və komandalar toplanan məlumatların təhlilinə fokuslanıblar.

Trasa qayıdan Raul Fernandes 1:57.739-luq dövrə ilə zirvəyə yüksəlib. Fernandes növbəti cəhdlərində də yaxşı temp nümayiş etdirsə də, liderlik nəticəsini yaxşılaşdıra bilməyib.

Sessiyanın ikinci yarısının əvvəlində Ai Oqura 1:57.628-lik nəticə göstərərək Fernandesin dövrəsini geridə qoyub və liderliyi ələ keçirib.

Mark Markes də tempini artıraraq 1:57.807-lik dövrə vurub və altıncı pillədən üçüncü yerə yüksəlib.

Sessiyanın son 20 dəqiqəsinə daxil olarkən Bred Binder 7-ci döngədə müvazinətini itirərək çınqıl sahəsinə yıxılıb. Binderin vəziyyətinin yaxşı olduğu bildirilib və hadisədən sonra trasda qısa müddət ərzində sarı bayraqlar dalğalanıb.

Pedro Akosta 1:57.675-lik nəticə ilə Oquradan cüzi fərqlə geri qalaraq ikinci yerə yüksəlib. Lakin ispaniyalı sürücü qısa müddət sonra tempini daha da artırıb və 1:57.535-lik dövrə ilə liderliyi ələ keçirib.

Akostanın zirvəyə yüksəlməsi ilə Silverstounda liderlik uğrunda mübarizə daha da qızışıb. Qısa müddət sonra Aleks Markes 1:57.267-lik nəticə ilə zirvəyə qayıdıb. Fabio Di Cianantonio da güclü temp nümayiş etdirərək ikinci pilləyə yüksəlib.

Çox keçmədən Aleks Markesə cavab qardaşı Markdan gəlib. Mark Markes 1:57.035-lik nəticə göstərərək liderliyi ələ keçirib.

Lakin mübarizənin son sözü hələ deyilməyib. Ai Oqura 1:56.810-luq dövrə ilə Mark Markesi geridə qoyaraq yenidən zirvəyə yüksəlib.

Bu mübarizədən sonra sürücülər boksa qayıdıblar və sessiyanın son bölümü üçün motosikletlərdə son sazlamalar aparılıb.

Trasa qayıdışdan sonra Françesko Banyaya döngəyə girişdə effektiv əyləclənə bilməyib. Titrəyişlərin də təsiri ilə müvazinətini itirən italiyalı sürücü çınqıl sahəsinə düşüb. Banyaya öz gücü ilə ayağa qalxaraq trası tərk edib, lakin yüngülcə axsadığı müşahidə olunub.

Qısa müddət sonra 4-cü döngədə Pedro Akosta da qəza edib. O, motosikleti dayandıraraq təhlükəsiz əraziyə keçib. Hadisə ilə əlaqədar qısa müddət ərzində sarı bayraqlar göstərilsə də, bir neçə dəqiqə sonra ləğv olunub.

Sessiyanın başa çatmasına iki dəqiqə qalmış Raul Fernandes 1:56.615-lik nəticə göstərərək Ai Oquranın dövrəsini geridə qoyub və liderliyə yüksəlib.

Lakin son söz Marko Bezzekkidən gəlib. İtaliyalı sürücü son cəhdində 1:56.280-lik nəticə göstərərək Fernandesin dövrəsini geridə qoyub və əsas məşq sessiyasını zirvədə tamamlayıb.

Beləliklə, Bezzekki son anda liderliyi ələ keçirərək Britaniya Qran-Prisinin əsas məşq sessiyasının qalibi olub.

Rauf Hacıyev

Şərh əlavə et