Formula 1-də 2026-cı il mövsümü ilə qüvvəyə minən yenilənmiş şassi qaydaları və güc qurğularında tətbiq olunan 50 faiz elektrik – 50 faiz daxiliyanma mühərriki balansı idman aləmini iki yerə bölmüşdü. F1-in prezidenti və icraçı direktoru Stefano Domenikali mövcud vəziyyətdən razı qalsa da, Maks Ferstappen, Lando Norris və Oskar Piastri kimi pilotlar yeni sürücülük xüsusiyyətlərini sərt şəkildə tənqid etmişdilər.
Düzlüklərdə batareyanı doldurmaq üçün qazı buraxmağa məcbur olan bolidlərdən sonra FIA enerji bərpası limitlərini yumşaldaraq daha rəqabətli mübarizəyə şərait yaratdı. Lakin Devid Kulthard hesab edir ki, bu addımlar böhran yaranmamışdan əvvəl atılmalı idi.
Up To Speed podkastında danışan Devid Kulthard problemlərin əvvəlcədən bəlli olduğunu deyərək fikirlərini belə ifadə edib: “Yeni qaydalar ilk dəfə açıqlananda pilotlar və mühəndislər bunun yaxşı addım olmadığını açıq şəkildə deyirdilər. Qalan hər kəs isə susurdu. Melburna gəldik və gördük ki, pilotlar döngəyə yaxınlaşarkən bolidlər sürəti azaldır.
Mayamidən sonra görülən işləri də qiymətləndirmək lazımdır. Son beş yarışda beş fərqli qalibin olması mövsümün daha maraqlı keçdiyini göstərir. Lakin göz qabağında olan problemlərin heç kim tərəfindən əvvəlcədən nəzərə alınmaması və hər detalını simulyasiya edə bildiyiniz bir idman növündə reallıqla üzləşəndən sonra geri addım atılması böyük məyusluqdur.
Burada məsuliyyət tamamilə FIA-nın üzərinə düşür. Bilirəm ki, ‘biz kiçik komandayıq, komandalarda isə yüzlərlə insan çalışır’ deyərək özlərini müdafiə edəcəklər. Amma 50/50 güc bölgüsünün problemlər yaradacağı ilə bağlı bütün sübutlar ortada idi. Gələn il daxiliyanma mühərrikinin gücü artırılacaq, növbəti il isə onun daha da yüksəldilməsi planlaşdırılır. Hamının gördüyü problemi yalnız böhran yaranandan sonra həll etməyə çalışmaları təəssüf doğurur”.




Şərh əlavə et