Xəbəri Kokpitdə Oxuyun!

Pirelli: Belçikada iki tərkib əsas rol oynayacaq

Belçika Qran Prisi üçün Pirelli orta sərtlik diapazonuna aid C2, C3 və C4 tərkibli təkərləri seçib. Təkərlərə düşən yüklənməyə görə Spa trası təqvimin ən çətin traslarından biri hesab olunur. Bu göstəricidə yalnız Suzuka və Silverstoundan geri qalır.

Trasın ən məşhur hissəsi əvvəlki kimi Eau Rouge – Raidillon döngələr ardıcıllığıdır. Burada bir neçə yüksək sürətli döngə dik yoxuş boyunca yerləşir və daha sonra bolidlər Kemmel düzlüyünə çıxırlar. Bu hissədə yaxın vaxtlarda asfalt üzərində xüsusi drenaj kanalları salınıb ki, bu da yağışlı havada suyun daha sürətli axmasına və görünüşün yaxşılaşmasına kömək edir.

Bir neçə il əvvəl trasın asfalt örtüyü tamamilə yenilənib. Buna görə də yarış həftəsonunun əvvəlində adətən asfaltın ilişmə səviyyəsi yüksək olmur. Lakin bu yaxınlarda keçirilən “Spa 24 Saat” marafonundan sonra asfaltın üzərində qalan işlənmiş rezin təbəqəsinin tutuşu yaxşılaşdıracağı gözlənilir.

Trasın hər üç sektoru bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir. Buna görə də optimal sazlamaların tapılması ənənəvi olaraq mühəndislər üçün mürəkkəb vəzifə sayılır.

Birinci sektor ən sürətlisidir və ötmələrin ən çox baş verdiyi uzun düzlüyü əhatə edir. İkinci sektor daha texniki xarakter daşıyır, burada orta sürətli və maili döngələr üstünlük təşkil edir. Üçüncü sektor isə axıcı döngələr ardıcıllığı və tədricən yüksələn relyefi ilə seçilir.

Bu il qüvvəyə minən yeni aerodinamik qaydaların asfaltayatma qüvvəsi ilə maksimal sürət arasında kompromis tapmağı asanlaşdıracağı gözlənilir. Komandalar texniki sektorlarda daha yüksək asfaltayatma qüvvəsindən istifadə edə, düzlüklərdə isə hava müqavimətini azaldan rejimi aktivləşdirə biləcəklər.

Silverstoun mərhələsi göstərdi ki, güc qurğusunun elektrik enerjisi ehtiyatının düzgün idarə olunması da həlledici amillərdən biri olacaq.

Spa trası Arden meşəsində yerləşir və burada özünəməxsus mikroiqlim hökm sürür. Yağış zamanı buludlar bu ərazidə qonşu bölgələrlə müqayisədə daha uzun müddət qalır. Nəticədə asfalt müxtəlif hissələrdə fərqli sürətlə quruyur. Belə hallarda trasın bir hissəsi hələ də yaş olduğu halda, digər hissəsi tamamilə quru ola bilir. Bu isə slik və keçid təkərləri arasında seçim etməyi xüsusilə çətinləşdirir.

Həftəsonunun gedişinə temperatur da ciddi təsir göstərə bilər. İyunun sonunda keçirilən “Spa 24 Saat” marafonu zamanı asfaltın temperaturu 55°C-ni keçmişdi. Belə şəraitdə təkərlərin termal deqradasiyası artır və iki pit-stoplu strategiyanın seçilmə ehtimalı yüksəlir.

Bununla belə, Pirelli hesab edir ki, bazar günü keçiriləcək yarışda əsas rolu gətirilən təkər çeşidindəki iki sərt tərkib – C2 C3 oynayacaq.

Rauf Hacıyev

Şərh əlavə et