Cümə günü Lusail trassında keçirilən hər iki məşqi 20-ci yerdə başa vuran Aston Martin sürücüsü Ləns Stroll gün ərzində üzləşdiyi qəfil səhhət problemi barədə danışıb. Gün ərzində bir neçə dəfə trassdan çıxaraq çınqıllı sahəyə keçən kanadalı sürücü belindəki ağrının bununla deyil, dövrənin son sektorundakı sürətli sağ döngədə məruz qaldığı yüksək G qüvvəsi ilə bağlı olduğunu bildirib.
Stroll vəziyyətini gecə ərzində izləyəcəyini qeyd edib. Həftəsonunun qalan hissəsində trassa çıxa bilməsə, ilk məşqdə Fernando Alonsonun bolidini idarə edən Cek Kroufordun ilk dəfə Qran Pri yarışına start verməsi gözlənilir.
Stroll jurnalistlərə yaşadıqlarını belə izah edib:
Ləns Stroll: “Çətin gün olub. Bu trass Las Veqasdan çox fərqlənir. Təkərləri uyğun iş diapazonuna gətirməyə çalışırdım.
Sonra ikinci məşqdə belimdə ağrı hiss etdim və bu, işimizi xeyli çətinləşdirib. İkinci məşqdə belimi incitmişəm, indi bununla mübarizə aparıram. Həftəsonunun qalan hissəsinə təsir edib-etməyəcəyini görəcəyik.
Əslində ağrı trassdan çıxmağımla da bağlı deyil. Problem son sektordakı sağ döngədə G qüvvələrinin təsirini hiss edəndə başlayıb.
Gecə ərzində ağrının necə dəyişəcəyini izləyəcəyəm. Eyni zamanda bolidi daha yaxşı vəziyyətə gətirməyə çalışacağıq. Aradan qaldırılmalı bəzi zədələr və etməli olduğumuz xırda sazlamalar var.”






Şərh əlavə et