Qətər və Əbu-Dabi yarışlarının keçirilib-keçirilməyəcəyi uzun müddət müzakirə mövzusu olub. Bölgədə davam edən müharibə səbəbindən yarışların burada təşkil edilməməsinin daha doğru olduğu barədə ümumi fikir formalaşmışdı.
Lakin təşkilatçıların lazımi təminatlar verməsindən sonra yarışların keçirilməsi qərara alınıb.
Bununla belə, mümkün təhlükə zamanı bütün komandalara xüsusi təxliyə planı təqdim edilib.
Williams pilotu Karlos Sayns təşkilatçılardan fövqəladə vəziyyət elan olunacağı təqdirdə trasdan təxliyəni nəzərdə tutan plan aldıqlarını açıqlayıb.
Mövzu ilə bağlı sualı cavablandıran Karlos Sayns deyib: “Bəli, müvafiq təlimatlar əlimizdədir. Bizi məlumatlandırıblar. Ancaq bu məsələ ilə bağlı deyə biləcəyim yalnız budur. Mənə də deyilən bundan ibarətdir”.
Görünür, FIA və Formula 1 bu planın təfərrüatlarını açıqlamaq istəmir.
Digər tərəfdən, trasda çalışan jurnalistlərin sözügedən təxliyə planına sahib olmadığı bildirilir. Bir sıra böyük xəbər agentlikləri və televiziya qurumları isə sığorta şirkətlərinin mümkün riskləri əhatə edən sığorta təminatı verməkdən imtina etməsi səbəbindən Qətərə getməyib.







Şərh əlavə et