Qətər Qran Prisinin ilk sərbəst yürüşü zamanı ön qanadının sazlanması üçün pitə daxil olan Ayzek Hacar bir neçə saniyə sonra hərəkət icazəsi alaraq pit zonasını tərk edib. Lakin təhlükəsiz şərait hələ təmin edilməmişkən verilən çıxış siqnalı nəticəsində bolidin sol arxa təkəri mexanikin ayağına toxunub. Bundan əlavə, soyutma qurğusundan ayrılan bir detal başqa bir komanda əməkdaşı tərəfindən kənarlaşdırılıb.
Hadisədən sonra komanda əməkdaşlarının təhlükəli vəziyyətdə olması səbəbindən Red Bull FIA-nın Beynəlxalq İdman Məcəlləsinin 12.2.1.h maddəsi əsasında stüardların qarşısına çağırılıb. Nəticədə komandaya 30 min avro cərimə kəsilib. Cərimənin bir hissəsi isə növbəti 12 ay ərzində oxşar pozuntunun təkrarlanmaması şərti ilə təxirə salınıb.
Komanda nümayəndəsinin prosedur səhvini qəbul etdiyini bildirən FIA stüardları qərarın əsaslandırılmasında bunları qeyd ediblər: “Komanda nümayəndəsi izah edib ki, yeni əməkdaş normal prosedura daxil olmayan şəkildə sol arxa əyləcləri soyutmaq üçün ventilyator yerləşdirib.
Nəticədə əməkdaş ventilyatoru hələ götürməmiş bolid pit zonasından çıxmağa başlayıb. Bu isə bolidin ventilyatorun bir hissəsi hələ yerində olarkən hərəkət etməsinə və daha vacibi, əməkdaşın ayağının bolidin sol arxa təkəri ilə təmas etməsinə səbəb olub.
Pit-stop zamanı komanda üzvlərinin təhlükəsizliyi sessiyanın sərbəst yürüş və ya yarış olmasından asılı olmayaraq ən yüksək prioritet daşıyır.
Komanda nümayəndəsi baş verənlərin komandanın prosedur səhvindən qaynaqlandığını qəbul edib. Tətbiq olunan cəza son illərdə oxşar hadisələrə görə verilən sanksiyalarla uyğundur”.







Şərh əlavə et