Mark Markes noyabrın 27-də, cümə günü Valensiyada keçirdiyi mətbuat konfransında yarış karyerasını başa vuracağını elan edib.
İspaniyalı pilotun qərarı paddokda böyük təəccüb doğurub. Markes bildirib ki, karyerasını bitirmək qərarını əslində Motegi və İndoneziya yarışları arasındakı müddətdə verib. Həmin vaxt bundan yalnız qardaşı Aleks Markes xəbərdar olub.
Qərarının əsas səbəbinin artıq fiziki imkanlarından daha çox risk amili olduğunu vurğulayan Mark Markes deyib: “Motosiklet üzərində hələ də sürətli və rəqabətədavamlı olduğumu hiss edirəm. Ancaq artıq risk etməyə dəymədiyini düşünürəm. İnsan müəyyən məqamda dayanmalı olduğunu anlayır. Bunu bədəninizin sizin əvəzinizə deməsini gözləmədən dayanmaq lazımdır.
Xoşbəxt olmalıyıq. Bu, mənim üçün çox çətin mətbuat konfransı olacaq. MotoGP-yə öz üslubumla gəldim və buradan da öz üslubumla ayrılacağam. 2013-cü ildən bu günə qədər inanılmaz zövq almışam. İlk sərbəst yürüşlərdən əvvəl də dediyim kimi, bu səyahətdən həzz almışam. Paddokda çox insan mənə kömək edib və bu gün olduğum yerə çatmağımda rol oynayıb. Motosikletlər həmişə ən böyük həvəsim olub və bundan sonra da belə qalacaq. Xoşbəxtəm və qürur duyuram. Ancaq qürurum təkcə karyeramla bağlı deyil. Tanış olduğum insanlarla, komandalarla və rəqiblərlə də fəxr edirəm.
İnsanların məni necə xatırlayacağına mən qərar verə bilmərəm. Karyeram boyunca həmişə əlimdən gələnin 100 faizini verməyə çalışmışam. Çox yaxın dostlar qazandım. Bu axşam paddokdakı bir çox insanla birlikdə şam yeməyində olacağam. Çoxlu yarış qazanmaq baxımından şanslı olmuşam. Qazandığım uğurlar qalıcı olacaq, amma insanların məni necə xatırlayacağını bilmək həmişə çətindir. Bütün bədənimi motosikletlərə həsr etdim, hər şeyimi verdim. Artıq dayanmaq vaxtıdır”.
Mark Markes qərarını nə vaxt verdiyini və niyə bunu açıqlamaq üçün Valensiya yarışını gözlədiyini də izah edib: “Bunun üçün xüsusi səbəbə ehtiyacım yoxdur. Qərarımı Motegidən sonra verdim. Bundan yalnız qardaşım Aleks xəbərdar idi. Açıqlamanı məhz bu gün etməyə qərar verdim, çünki Dünya Çempionluğu uğrunda mübarizə aparmağımın yeganə yolu bu idi. Karyeramı bitirmək barədə danışmaq enerjimi alardı. Çempionluq uğrunda mübarizə apardım və qalib gəldim, amma qərarımın çempion olub-olmamağımla heç bir əlaqəsi yox idi.
Qolumla bağlı çoxlu problem yaşadığımı hər kəs başa düşə bilər. Ducati ilə müqaviləm var və onlara təşəkkür etmək istəyirəm. Mart ayında kifayət qədər nikbin idim, lakin əməliyyatdan sonra ağrılarım getdikcə artdı. Həmişə mübarizə aparan insan olmuşam, amma qorxmağa başladım. Motosikletdən və ya sürətdən qorxmuram. Ancaq şəxsi həyatımı da dəyişə biləcək zədə almaqdan qorxuram.
İlin ikinci yarısında çox əziyyət çəkdim və ağladım. Sürətliyəm, hələ də rəqabətədavamlı olduğumu hiss edirəm. Bu dünyada yarışmaqdan zövq almışam və bundan sonra da zövq almaq istəyirəm. Ancaq düşünürəm ki, artıq doğru vaxtdır. Bu səhər açıqlama verdim, çünki bunun münasib zaman olduğunu hiss etdim”.
Markes əvvəlki illərdə də karyerasını bitirməyi düşündüyünü, lakin bu dəfə qərarından tam əmin olduğunu söyləyib: “2023-cü ildə də bu barədə düşünmüşdüm. Dostlarımla və komandamla danışırdım. O vaxt hələ davam edə biləcəyimi hiss edirdim. Həmin dövrdə komandamın köməyinə ehtiyacım var idi. Bu dəfə isə qərarım qəti idi və müzakirə ediləsi heç nə yox idi. Birinci, ikinci və ya üçüncü yeri tutmağımın heç bir əhəmiyyəti yox idi. Daxili hisslərim mənə bunu söylədi. İnstinktlərimə güvənəndə həmişə doğru qərar vermişəm. Bunun həm şəxsi, həm də peşəkar həyatım üçün düzgün addım olduğuna tam əminəm”.
İspaniyalı pilot qərarının ona necə təsir etdiyini də bölüşüb: “Xoşbəxtliyim və daxili hisslərim mənə bunu söylədi. Xoşbəxtliyin qiyməti yoxdur. Bundan sonra motosiklet sürmək əvvəlki kimi olmayacaq. Artıq yarış rəqabətinin içində olmayacağam”.
Markes ailəsinə və Ducati rəhbərliyinə qərarını nə vaxt bildirdiyini də açıqlayıb: “Çərşənbə axşamı atam, bu səhər isə anam xəbər tutdu. Cici və Ducati-yə dünən axşam məlumat verdim. Bunun üçün doğru zaman gəlmişdi. Fərqli şəkildə hərəkət etdim və bundan məmnunam. Əlbəttə, kədərlənirəm. Yarışlardan sonrakı həyatın necə olacağını hələ tam dərk edə bilməmişəm.
Dediyim kimi, özümü rəqabətədavamlı və sürətli hiss edirəm. Ancaq məsələ riskdədir. Riski və onun müqabilində əldə edəcəyiniz mükafatı ölçməlisiniz. Artıq risk etməyin vaxtı deyildi. Karyeramı bitirəcəyimlə bağlı şayiələrə münasibətdə dəqiq danışmırdım, ancaq heç kimə təqaüdə çıxacağımı deməmişdim. Heç vaxt açıq danışmadım, çünki bu, çox çətin idi. Buna görə də ailəmə, yaxınlarıma və komandama mümkün qədər son anda xəbər verdim”.
Markes karyerasını başa vurduqdan sonra həyatını necə davam etdirəcəyini hələ bilmədiyini də bildirib: “100-dən birdən-birə sıfıra enmək mümkün deyil. Motosikletlərə böyük həvəsim var və məşq etməyi sevirəm. Formada qalmağa çalışacağam. Həyat davam edir. Bu, həyatımda böyük dəyişiklik olacaq. Karyerasını bitirən digər pilotlar kimi mənim üçün də böyük sarsıntı olacaq. Bundan sonra nə edəcəyimi anlamaq üçün zamana ehtiyacım var.
Qərarımı verəndən bəri heç bir şübhəm olmayıb. Sakit şəkildə, özüm qərar verdim. Bir neçə yarış əvvəlindən bu barədə düşünürdüm, amma doğru zamanın gəldiyini hiss etdim. Biz də insanıq və qorxu hiss etməyə başladım. Bu, diqqətimi cəmləmək qabiliyyətimi itirdiyim demək deyil. Sadəcə risklər barədə düşünməyə başladım. Son illərdə nə qədər səy göstərdiyimi və nələr yaşadığımı anlamağa çalışdım.
Bunu 2020-ci ildə anlamağa başladım. Əvvəllər paddokdan kənarda həyatın olmadığını düşünürdüm. Ancaq əslində başqa bir həyat da var.
Gələcəyin necə olacağını bilmirəm, amma nəticədə hamımız MotoGP-nin bir hissəsiyik. Bəzi pilotlar daha çox, bəziləri isə daha az yarışacaq, amma MotoGP davam edəcək. Yeni simalar ortaya çıxacaq və şou əvvəlki kimi sürəcək.
Ən vacib məqam bu səyahətə necə başlamışamsa, elə də başa vurmağımdır. Gələn il də çempionata yaxın olacağam, çünki qardaşım burada olacaq. Aleks həyatımda ən vacib insandır. Ancaq şou davam edəcək”.
Markes karyerasını bitirdikdən sonra motosikletlərdən tamamilə uzaqlaşmayacağını da vurğulayıb: “Motosikletlərə böyük həvəsim var. Məşq etməyə və formada qalmağa çalışacağam. Həyat davam edir. Ancaq bundan sonra nə edəcəyimi anlamaq üçün zamana ehtiyacım olacaq”.







Şərh əlavə et